“Gəncədə bizi əsl idman bayramı gözləyir!” - Alina Draqanın İDAMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
22 Oktyabr 2025 15:13
71
“Gəncədə bizi əsl idman bayramı gözləyir!” - Alina Draqanın İDAMAN.BİZ-ə MÜSAHİBƏSİ

Gəncədə baş tutacaq aerobika gimnastikası üzrə Avropa çempionatı ilə cari mövsümdə Avropa qitəsinin gimnastika yarışlarına yekun vurulacaq.

III MDB Oyunlarının paytaxtı Gəncədə 9-16 noyabr tarixlərində keçiriləcək yarışda 18 ölkədən ən güclü gimnastlar medallar uğrunda mübarizə aparacaqlar.

Belə ki, Gəncədə 9-11 noyabrda yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında yarışlar olacaq.

İdman.Biz aerobika üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti Alina Draqanın Gəncədə təşkil ediləcək yarışlarla bağlı fikirlərini təqdim edir.

“Hamımız qarşıdakı yeniyetmələr və böyüklər arasında keçiriləcək Avropa çempionatlarına fəal şəkildə hazırlaşırıq. Adətən iki ildən bir keçirilən bu yarışlarda qitənin ən yaxşılarını görmək artıq ənənəyə çevrilib, lakin bu il Gəncədə bir yenilik olacaq. İlk dəfə olaraq 15 yaşadək aerobika ustaları arasında yarışlar təşkil ediləcək! Bu yaş qrupunda 18 ölkədən təxminən 200 gimnastın qeydiyyatdan keçməsi ilə fəxr edirəm.

Bu fakt gənclərin inkişafına artan marağın parlaq göstəricisidir. Azərbaycan Gimnastika Federasiyası ilə birlikdə bütün iştirakçılar üçün mükəmməl şərait yaratmağa çalışırıq və ümid edirəm ki, bu, hər kəs üçün unudulmaz bir təcrübə olacaq”, - deyə A. Draqan vurğulayıb.

Texniki komitə rəhbəri yarışların gözlənilən ulduzlarından da söz açıb:

“Bizi əsl idman bayramı gözləyir! Ev sahiblərinin ümidləri hazırkı dünya vitse-çempionları və Dünya Oyunlarının gümüş medalçıları Vladimir Dolmatov və Mədina Mustafayevaya bağlanıb. İştirakçılar arasında digər tanınmış adlar da var: türkiyəli Ayşə Onbaşı, hazırkı dünya çempionu Mikel Mane (İspaniya), bolqar gimnastlar Xristo Manolov, Antonio Papazov və Borislava İvanova, hazırkı Avropa çempionları Klara Lestryo, Maelis Lenklo və Viktoriya Trosse (Fransa), eləcə də Ukrayna təmsilçiləri Anastasiya Kuraşvili və Stanislav Xalayda.

2023-cü il Avropa və 2024-cü il dünya çempionatlarında ən güclü komanda seçilən İtaliya isə təcrübəli idmançı, dünya çempionatının bürünc mükafatçısı və hazırkı Avropa çempionu Davide Nacciyə güvənir. Onunla birlikdə etibarlı komanda yoldaşları – Sara Kutini, Marselo Patteri, Matteo Falera və Françesko Sebastio çıxış edəcəklər. Bu beşlik bu ilin yayında Dünya Oyunlarında gümüş medal qazanıb”.

Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti vurğulayıb ki, keçən Avropa çempionatının ən güclü yeniyetmə komandası olan Rumıniya Gəncəyə güclü heyətlə gəlir.

“Leonar Manta, Daniel Tavok, Darius Branda, Vladut Popa və Klaudiya Ristea qrup yarışlarının finalında Dünya Oyunlarının bürünc medalçılarıdır. Dünya Oyunlarındakı parlaq qələbədən sonra “aerobik-dans” kateqoriyasında növbəti “qızıl” üçün Macarıstan təmsilçiləri yenidən mübarizəyə qatılırlar: Antonya Keniq, Zoltan Loçei, Fruzsina Feyer, Anna Makranski, Vanessa Rujicka, Tyunde Himmel, Kamilla Qoda və Andraş Aqoston Mikuleç. Biz həmçinin ilk dəfə böyüklər arasında çıxış edəcək keçmiş yeniyetmələri də salamlamaqdan məmnunuq. Bunlar Nadiya Almeida, Leonor Januario və Tyaqo Pinyeiru (Portuqaliya), Aleksandr Mişinkov (Bolqarıstan), Sampo Nousiaynen və Ceyd Sirviodur (Finlandiya)”, - deyə A. Draqan bildirib.

O, həmçinin qeyd edib ki, yarışların hər iki həftəsi tam şəkildə canlı yayımlanacaq:

“Azərbaycan Gimnastika Federasiyası tam televiziya yayımını təşkil edəcək, böyüklər arasında keçirilən finalları isə ekspert Bleyz Lourens şərh edəcək”, - aerobika üzrə Texniki Komitənin rəhbəri vurğulayıb.

Zəki Feyzullayev

İdman.Biz

Məqalədə: