Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində "Araz-Naxçıvan"ın qarşısına qrup qalibi olmaq hədəfi qoyulub.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın kapitanı Emin Kürdov deyib.
O, ilkin mərhələdə keçirdikləri oyunları da dəyərləndirib: "İlkin mərhələdə hər üç oyunda qələbə qazandıq. Ən böyükhesablı və inamlı zəfər ev sahibi Avstriya komandası ilə matçda oldu. Rəqiblərdən "Sparta Belfasta"la daha əvvəl qarşılaşmış və 7:1 hesablı qələbə qazanmışdıq. Bu dəfə onları 9:1 hesabı ilə məğlub etdik. Şotlandiya və Avstriya komandalarını isə tanımırdıq. Həm fiziki, həm də taktiki cəhətdən oyunlara çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, səviyyə baxımından ilkin mərhələdəki hər üç komanda eyni idi. Əsas mərhələdə komandanın qarşısına qrup qalibi olmaq hədəfi qoyulub. Bu il məqsədlər böyükdür. Gördüyünüz kimi, yaxşı komanda formalaşdırmışıq. Ab-hava, hər şey qaydasındadır".
Qolkiper əsas mərhələdəki rəqiblərdən yalnız Rumıniya komandasını tanıdıqlarını bildirib: "Əsas mərhələdəki rəqiblərdən hələ ki, yalnız Rumıniya komandası haqqında məlumatımız var. Digərləri Niderland və Lüksemburq təmsilçiləridir. Onlar haqqında ətraflı məlumata malik deyilik. Düşünürəm ki, növbəti mərhələdəki rəqiblər daha çətindir. Buna baxmayaraq, komandamızın performansı, durumu, səviyyəsi çox yaxşıdır. İlin əvvəlindən də qarşıya qrup qalibi olmaqla bağlı hədəf qoyulmuşdu. İnanıram ki, bu mərhələni də keçəcəyik".
Təcrübəli futzalçı oktyabrın sonlarına yaxın səfərə çıxacaqlarını söyləyib: "Məşqlərə davam edəcək, Azərbaycan çempionatına hazırlaşacağıq. Oktyabrın 28-də səfərə çıxacağıq, bir gün sonra isə oyun keçirəcəyik".
Qeyd edək ki, ,empionlar Liqas;n;n əsas mərhələsində VII qrupda yer alan Azərbaycan çempionu "Yunayted Qalati" (Rumıniya), "Differdanj 03" (Lüksemburq) və "Taigers Roermand" (Niderland) klubları ilə mübarizə aparacaq.
İdman.biz