Rövşən Hüseyinli: “Azərbaycan çempionatında da rəqabət artsa, karyeramı vətəndə davam etdirərəm” - MÜSAHİBƏ

Müsahibə
24 Sentyabr 2023 09:40
166
Rövşən Hüseyinli: “Azərbaycan çempionatında da rəqabət artsa, karyeramı vətəndə davam etdirərəm” - MÜSAHİBƏ

Azərbaycanın futzal millisinin və Qazaxıstanın “Atırau” klubunun qapıçısı Rövşən Hüseyinlinin İdman.biz saytına müsahibəsi

- Qazaxıstan çempionatı barədə nə deyə bilərsən? Yarışda rəqabət nə dərəcədədir?

- Ötən mövsüm çox uğurlu oldu. Oktyabrda orda olmağıma baxmayaraq ötən mövsümü Top-5-də başa vurdum. Bu mövsüm də əlimdən gələni edəcəm ki, bu titulu qoruyum və üstəlik daha böyük nəticələr qazanım. Çempionatın rəqabətinə gəldikdə, açıq-aşkar göz qabağındadır. Bu gün futzal sahəsində 3-4 rəqabətli çempionat varsa, bunlardan biri Qazaxıstan liqasıdır. Hər bir klub bir-birinə qarşı inamlı mübarizə aparır, xal ala bilir. Çempionatda 11 komanda iştirak edir. Ev-səfər prinsipi ilə oynayırıq. Hər tur 2 gün ərzində 2 matç keçirilir. Bu da əlbəttə ki, oyunçuların inkişafına daha yaxşı təsir edir. Bu səbəbdən də Qazaxıstan millisi böyük heyətə sahibdir.

- Komandanda qapıçı mövqeyində rəqabət necədir?

- Komandada 3 qapıçı var. 2-si qapıçı gəncdir. Biri yeni dəvət olunub. Digər qapıçı isə U-19 millisində əsas qapıçıdır. Bütün oyunlarda əsasən mən çıxış edirəm. Hesabda öndə olduqda, imkan olduqca digər qolkiper də meydana çıxır. Məşqçilər korpusunun məndən əsas tələbləri gənc qapıçı ilə təcrübə mübadiləsi etmək, onun inkişafına kömək etməkdir.

- DÇ-2024-ün elit-raundunda millinin son oyunlarını necə dəyərləndirərdiz?

- Millinin ilk oyunu Rumıniyaya qarşı oldu. Həmin görüşdə nəzarət bizdə idi, lakin çoxlu qol imkanlarımız olsa da dəyərləndirə bilmədik. Bizə əsas problem komanda şəklində az məşq etməyimiz oldu. Cəmi 2-3 gün birlikdə məşq edə bildik. Bu müddət ərzində baş məşqçilər maksimum şəkildə həm hücumda, həm müdafiədə necə oynamalıyıq barədə müəyyən məlumatları ötürə bildilər. Yığma son dəfə martda oynayıb. Həmin vaxt da fərqli baş məşqçimiz var idi. Yeni məşqçilərin fərqli taktikaları, hücum, müdafiə sistemləri var. Mənə elə gəlir ki, bu hal bizdə müəyyən epizodlarda anlaşılmazlıq yaradırdı. İkinci oyunu isə öz meydanımızda keçirdik. İlk oyunu məğlub olmuşduq, ikinci matçda mütləq qələbə lazım idi. Öz meydanımızda ilk qarşılaşmada məğlub olmağımız bizə əlavə mativasiya, aqressiya verirdi. Artıq ikinci oyunda bir-birimizi daha yaxşı anlayırdıq. Bunun nəticəsində də Niderlandla oyunda inamlı qələbə qazandıq.

- Millinin Qazaxıstanla oyunundan gözləntiləriniz nədir?

- Qazaxıstan millisinə qarşı bizi 2 çətin oyun gözləyir. Məncə, bu oyunlardan sonra qrupdakı vəziyyətə 80 faiz aydınlıq gələcək. Əlbəttə ki, bu matçda xallar qazanmaq istəyirik. Məqsədimiz və gözləntilərimiz yaxşı nəticələr əldə etməkdir. Mənə elə gəlir ki, Qazaxıstanla oyunda digər görüşlərə nisbətən daha anlaşıqlı və baxımlı oyun nümayiş etdirəcəyik. Artıq bir-birimizi yaxşı tanıyırıq. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun.

- Karyeranın haqqında nə düşünürsən? Yenidən Azərbaycandan təklif olsa qayıdarsan, yoxsa başqa ölkələrdə də legioner həyatı yaşamaq istəyirsən?

- “Atırau” klubu ilə mövsümün sonuna qədər müqaviləm var. Məqsədim bu klubla yaxşı nəticələr əldə etməkdir. Ötən mövsümün sonunda da bir çox ölkələrdən təklif gəlmişdi. Onların arasında “Araz Naxçıvan” da var idi. Sadəcə çempionatımızın rəqabətli olmaması belə qərar verməyimizə səbəb oldu. Legioner həyatı yaşamaqda mənə ən böyük köməkliyi və dəstəyi millimizin sabiq qapıçısı, həm də agentim Marat Salyanski etdi. Mövsümü yaxşı nəticələr ilə başa vurduqdan sonra bu günə qədər olduğu kimi yenə onunla məsləhətləşib yekun qərarı verəcəyik. Əgər Azərbaycan çempionatında da rəqabət artsa, yenidən karyeramı vətəndə davam etdirərəm. Öz vətənimdə çıxış edib, çempionluq uğrunda mübarizə aparmaq gözəl olar.

Emin Ağa

İdman.biz