Doğma meydanda oynadığımıza görə, qələbədən başqa seçim imkanımız yox idi. Azərbaycan millisi azarkeşləri önündə daha yaxşı oynayır. Düzdür, ilk matçdan məğlub döndük. Həmin qarşılaşmada da pis çıxış etməmişdik, sadəcə epizodları qola çevirə bilmədik. Niderlandla oyunda isə bunu bacardıq. Nəticədə böyükhesablı qələbə qazandıq.
İdman.biz xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının müdafiəçisi Qallo həm son matç, həm də növbəti görüş haqda federasiyanın rəsmi saytına danışarkən deyib.
O bildirib ki, növbəti oyun qrup lideri Qazaxıstana qarşı olacaq: “Bu komandanın gücü, oyunu haqda danışmaq artıq olar. Amma biz Bakıda fərqli oynayacağıq. Rəqib üçün burada meydana çıxmaq çətin olacaq. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində oynayıblar. Lakin biz də zəif komanda deyilik. Əlbəttə, prioritet 3 xal qazanmaq olacaq. Çünki Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərə təşəkkür edirik, bizi çox yaxşı dəstəklədilər. Onlardan Qazaxıstanla oyunda yenidən zala gəlməyi, dəstək verməyi istəyirik”.
Futzalçı qrup liderliyi üçün şanslarının davam etdiyini də vurğulayıb: “Hətta 50-nin 50-yə olduğunu deyə bilərəm. Qazaxıstana Bakıda qalib gəlsək, mübarizə yenidən başlayacaq. Sona qədər mübarizə aparacağıq. İndidən liderlikdən əlimizi üzdüyümüzü demək olmaz. Qarşıdakı oyun çox suala aydınlıq gətirəcək”.
İdman.biz