Ağatahir Əzimov: “Azərbaycanda bir neçə ildən sonra daha keyfiyyətli futzalçılar yetişə bilər”

Xəbərlər
27 Yanvar 2026 17:49
96
Ağatahir Əzimov: “Azərbaycanda bir neçə ildən sonra daha keyfiyyətli futzalçılar yetişə bilər”

“Hazırda futzalımız Danimarka kimi komandalarla müqayisədə zəifdir. Gənclərimiz istedadlıdır, sadəcə zamana ehtiyac var”.

Bu sözləri Azərbaycan Futzal Federasiyasının seleksiya üzrə məşqçisi Ağatahir Əzimov millinin Danimarka yığması ilə keçirdiyi yoldaşlıq oyunlarını və komandanın hazırkı durumunu dəyərləndirərkən deyib.

O bildirib ki, hazırda milli komandada vəziyyət bir qədər çətindir.

“Komandamız əsasən gənc futbolçulardan ibarətdir. Cəmi bir-iki təcrübəli oyunçumuz var, qalanları isə gənclərdir. Braziliyalı futzalçılar getdikdən və onlara icazə verilmədikdən sonra, yerinə yeni legionerlər də gəlmədiyi üçün əsasən yerli gənclərlə yolumuza davam edirik. Bu səbəbdən orta nəsil demək olar ki, qalmayıb”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, əvvəlki dövrlərdə azərbaycanlı futzalçılar kifayət qədər oyun təcrübəsi qazana bilmədikləri üçün bu gün gənclər birbaşa əsas milliyə gəlirlər:

“Joze Alesionun dövründə yerli futbolçular az oynayırdı və inkişaf edə bilmirdilər. İndi isə U-19-dan gələn uşaqlar birbaşa əsas milliyə cəlb olunurlar. Onlar istedadlıdırlar, amma hələ çox gənc və təcrübəsizdirlər. Potensial kifayət qədər güclüdür, lakin bu proses asan deyil. Xüsusilə Danimarka kimi komandalarla oyunlar həmişə çətin keçir. Evdəki matçda uduzub, səfərdəki görüşdə qalib gəldik. Danimarka kimi komandalarla müqayisədə hazırda futzalımız zəifdir və gələcək oyunlarda daha güclü rəqiblərlə qarşılaşmaq çox çətin olacaq”.

Ağatahir Əzimov futzalın inkişafı üçün uşaq futbol məktəblərinin rolunu xüsusi vurğulayıb: “Uşaq məktəblərində düzgün iş aparsaq, bir neçə ildən sonra daha şüurlu və keyfiyyətli oyunçular yetişdirə bilərik. Bunun üçün sponsorların dəstəyi də vacibdir. Bölgələrdə uşaq məktəbləri açılmalıdır. Hazırda əsasən Bakıda oynayan uşaqları yığmaya çağırırıq. Çünki çempionat faktiki olaraq Bakı birinciliyi kimidir. Digər bölgələrdə komandalar demək olar ki, yoxdur”.

Seleksiya üzrə məşqçi ölkə çempionatındakı vəziyyətə də toxunub:

“Neftçi” bir qədər güclənib, yaxşı legionerlər gətirilib, azərbaycanlı gənclər də cəlb olunub. Hazırda çempionluq uğrunda mübarizə aparırlar. “Araz-Naxçıvan”la keçirdikləri qarşılaşmalardan birində qalib gəliblər, digərində uduzublar. Naxçıvan klubunda hazırda 7-8 legioner var, qalanlar isə gənc, təxminən 20 yaşında olan azərbaycanlı oyunçulardır. Qapıçılardan təcrübəli Rövşən Hüseynli və Emin Kürdov var. Amma təəssüf ki, digər oyunlar maraqsız keçir, çünki rəqabət zəifdir”.

Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, bundan iki gün sonra baş tutan matçda isə Azərbaycan seçməsi 4:2 hesabı ilə qalib gəlib.

İdman.Biz