Ağatahir Əzimov yığmamızın qrupda qalmasının səbəbini açıqlayıb: “Yığmada oyunçu qalmayıb”

Xəbərlər
21 Dekabr 2023 12:19
147
Ağatahir Əzimov yığmamızın qrupda qalmasının səbəbini açıqlayıb: “Yığmada oyunçu qalmayıb”

“Futzal üzrə Azərbaycan millisində daim braziliyalı oyunçular çıxış edib. İndi isə vəziyyət başqa cürdür”.

Bunu İdman.biz saytına Azərbaycanın futzal milliləri üzrə seleksiyaçı-məşqçi Ağatahir Əzimov deyib.

Yığmanın sabiq kapitanı DÇ-2024-ün elit-raund mərhələsində qrupda qalan millinin durumunu şərh edib. O bildirib ki, Vitali Borisovun yetirmələrinin finala yüksələ bilməməsində qayda dəyişiklikləri də rol oynayıb: “Artıq bir sıra idman növlərindəki kimi legioner futzalçı da vətəndaşlığını dəyişmək üçün 5 il həmin ölkədə yaşamalıdır. Bu səbəbdən də komanda iki legionerlə çıxış etdi. Hazırda gənc futzalçılar komanda çıxış edir. Amma bu gün Azərbaycan futzalında bir sıra çətinliklər mövcuddur. Oyunçularımızın demək olar ki, hamısı minifutbola üz tutublar. Artıq yığmada oyunçu qalmayıb”.

Onun sözlərinə görə, sabiq baş məşqçi Joze Alesio Da Silva 7-8 nəfər braziliyalını komandaya cəlb edirdi və onlara 3-4 yerli oyunçu qoşulurdu: “Buna görə də ona rahat idi. Lakin Vitali Borisov çətinlik çəkir. 19-20 yaşında futzalçılar təcrübəli legionerlərimiz kimi oyun göstərə bilməzlər. Futzala bir az vaxt verilməlidir ki, gəncləri yetişidirib normal səviyyəyə çatdırılsın. Əsasən də, sponsorlar olmalıdır ki, futzalçılar qaçıb getməsin. Biz yetişdiririk, amma maliyyə səbəbindən çıxıb gedirlər”.

Qeyd edək ki, A qrupunda yer alan yığmamız 4 xalla sonuncu olub. Qrupumuzda Qazaxıstan final mərhələsinə, ikinci yerin sahibi Niderland isə pley-offa yüksəlib.

Banuçiçək Hüseynli
İdman.biz