Azərbaycan millisinin kapitanı: “İslamiadadakı nəticələr ağır oldu, qarşıdakı oyunlar üçün daha ciddi hazırlaşırıq”

Xəbərlər
14 Yanvar 2026 16:43
41
Azərbaycan millisinin kapitanı: “İslamiadadakı nəticələr ağır oldu, qarşıdakı oyunlar üçün daha ciddi hazırlaşırıq”

“Milli üçün çətin dönəmdir, amma oyunçularımızda potensial var”.

Bu sözləri Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov komandanın hazırlıq prosesi ilə bağlı danışarkən deyib.

Yanvarın 18-dən 24-dək Bakıda təlim-məşq toplanışına start verəcəklərini xatırladan yığma üzvü bildirib ki, belə toplanışlar milli üçün çox vacib və faydalıdır.

“Bu müddət ərzində Danimarka seçməsi ilə iki yoldaşlıq oyunu keçirəcəyik. Danimarka futzalda da inkişaf edən komandadır. Onların klubu bu yaxınlarda Çempionlar Liqasının elit-raund mərhələsinə vəsiqə qazandı. Həmin klubun bir neçə üzvü hazırda milli komandada çıxış edir. Bildiyiniz kimi, danimarkalılar səfərdə Qazaxıstan kimi güclü rəqibi də məğlub edib. Bu baxımdan, qarşıdakı yoldaşlıq oyunları bizim üçün çox önəmlidir və ciddi hazırlaşmaq lazımdır”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Təcrübəli qapıçı yığmanın son çıxışına da toxunub:

“Araz-Naxçıvan”ın futzalçıları Səudiyyə Ərəbistanında keçirilən İslamiadada iştirak etmədi, çünki həmin vaxt Çempionlar Liqasında idik. Bu səbəbdən heyətə cəlb edilmədik. Təəssüf ki, həmin yarışda millimiz zəif nəticə göstərdi, böyük hesablı məğlubiyyətlər yaşadı. Bu, milli komandadır və belə nəticələr heç xoş deyil. Yığma Özbəkistandan 13 qol buraxmamalıdır. Mən o oyunda iştirak etməmişdim, amma bu nəticə mənə çox pis təsir etdi. Belə hallara yol verilməməlidir. Qarşıdakı Danimarka ilə matçda maksimum səviyyədə çıxış etmək və yaxşı nəticə qazanmaq əsas məqsədimiz olmalıdır. Daha sonra bizi dünya çempionatının seçmə mərhələsi gözləyir. Yəqin ki, ona qədər daha bir neçə yoldaşlıq görüşü də təşkil olunacaq. Bu, rəhbərlik və məşqçilər korpusunun qərarından asılıdır”.

O, millidə çıxış edən futzalçıların yaxşı potensiala malik olduqlarını deyib:

“Hazırda yığmamızda legioner yoxdur. Düzdür, təcrübə çatışmazlığı var, amma komandamızda perspektivli və istedadlı oyunçular kifayət qədərdir. Sadəcə, ciddi hazırlaşmaq və verilən fürsəti yaxşı dəyərləndirmək lazımdır”.

Qeyd edək ki, Danimarka ilə yoldaşlıq qarşılaşmaları yanvarın 22-də və 24-də Bakı İdman Sarayında keçiriləcək.

İdman.Biz
Məqalədə: