Tofiq Mikayılov: “Dünya çempionatına vəsiqəni əldə edə bilərik”

Müsahibə
13 Dekabr 2023 11:02
328
Tofiq Mikayılov: “Dünya çempionatına vəsiqəni əldə edə bilərik”

“Komandanın əhval-ruhiyyəsi yüksəkdir. Yaxşı nəticə əldə etmək üçün davamlı olaraq məşqlər edirik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov Bakıda DÇ-2024-ün elit-raund mərhələsində Rumıniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə jurnalistlərə deyib.

O, dekabrın 15-da baş tutacaq qarşılaşmada meydana yalnız qələbə üçün çıxacaqlarını vurğulayıb: “Bundan öncə keçirilən oyunlarda mən iştirak etməmişəm. Lakin komandamız hər hansısa matçda məğlub olubsa, artıq bütün yaşananlar keçmişdə qaldı. İrəliyə baxmaq lazımdır. Qələbə qazanaraq, dünya çempionatına vəsiqəni əldə edə bilərik”.

Minifutbolda da çıxış edən Mikayılov peşəkar cəhətdən futzalın daha yaxşı olduğunu bildirib: “Futzalda komandaların sayı çoxluq təşkil etsə, yaxşı olar. Minifutbolda klubların sayı çox olduğu üçün daha oyunlar maraqlı alınır”.

Qeyd edək ki, millimizin yer aldığı A qrupunda Qazaxıstan 12 xalla liderdir. Niderland 6 xala sahib olduğu halda, Rumıniya və Azərbaycanın 3 xalı var.

Banuçiçək Hüseynli
İdman.biz