Formula-1-in sabiq rəhbəri tüfəngə görə saxlanılıb

8 Sentyabr 2026 01:44
100
Formula-1-in sabiq rəhbəri tüfəngə görə saxlanılıb

Formula-1-in sabiq rəhbəri Berni Ekklstoun Portuqaliyada müvafiq sənədləri olmayan silah daşıdığı üçün saxlanılıb.

İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, 95 yaşlı britaniyalı İsveçrədən stend atıcılığı üçün tüfəng apardığını və baqaj yoxlanıldıqdan sonra bir neçə saat saxlanıldığını bildirib.

Ekklstounun sözlərinə görə, tüfəng İsveçrədə onun adına qeydiyyatdan keçib. Portuqaliyaya çatdıqdan sonra gömrükdən keçərkən heç bir problem yaşanmayıb. Lakin daha sonra polis əməkdaşları baqaja baxış keçirərək silahla bağlı lazımi sənədləri tələb ediblər.

“Onlar məni həbs edəcəklərini dedilər. Bir neçə saat çəkən prosesdən sonra vəziyyəti qismən həll edə bildik. Bu, olduqca xoşagəlməz hadisə idi. Fabi tüfəngi təhvil vermək, rüsumu ödəmək və idxal üçün tələb olunan prosedurları yerinə yetirmək, yaxud silahı hakimiyyət orqanlarına təhvil vermək üçün Lissabona getdi. Mən də getmək istəyirdim, amma nəticədə evdə qalıb vəziyyətin həll olunmasını gözlədim”, - deyə Ekklstoun bildirib.

Qeyd edək ki, Berni Ekklstoun 2022-ci ilin mayında Braziliyada da oxşar hadisə ilə üzləşib. O, baqajında tapança aşkarlandıqdan sonra şəxsi təyyarəyə minərkən saxlanılıb. Ekklstoun silahın baqajında olduğundan xəbərsiz olduğunu bildirib və girov müqabilində sərbəst buraxılıb.

İdman.Biz