Luis Hemilton səkkizinci titul üçün hələ də şanslıdır

4 Fevral 2026 11:12
93
Luis Hemilton səkkizinci titul üçün hələ də şanslıdır

“Ferrari”nin pilotu Luis Hemilton “Formula-1”də rekord göstəriciyə imza ata və səkkizinci dünya çempionluğunu qazana bilər. Bu barədə keçmiş pilot Conni Herbert danışıb.

İdman.Biz xəbər verir ki, Herbertin sözlərinə görə, Hemilton hələ də dünya çempionu olmaq üçün lazımi keyfiyyətlərə malikdir, lakin bunun baş verməsi üçün bütün şərtlər üst-üstə düşməlidir. Britaniyalı mütəxəssis hesab edir ki, əsas məsələ sürücünün bolidlə özünü tam rahat hiss etməsidir.

Luis Hemilton hazırda yeddiqat dünya çempionu Mixael Şumaxerlə eyni titula malikdir. O, səkkizinci çempionluğa 2021-ci ildə çox yaxın olsa da, həmin mövsümdə yarış direktorunun qərarları titulun itirilməsi ilə nəticələnmişdi.

Son illər Hemilton üçün uğursuz keçib. Yerəsıxma effektli bolidlərin tətbiq olunduğu yeni dövr təcrübəli pilot üçün çətinliklər yaradıb. Onun “Ferrari”də keçirdiyi ilk mövsüm də istənilən səviyyədə alınmayıb və sürücü karyerasında ilk dəfə bir mövsümü podiumsuz başa vurub. Həmin mövsüm komanda yoldaşı Şarl Leklerdən xeyli geri qalıb.

Conni Herbert bildirib ki, təcrübə, yarış instinkti və təkərlərlə işləmək bacarığı illərlə itmir. Onun fikrincə, yaş artdıqca sürətin bir qədər azalması və səhvlərin çoxalması normaldır, lakin bütün detallar uyğun gəlsə, Hemilton yenidən zirvəyə çıxa bilər.

Keçmiş pilot vurğulayıb ki, əgər hər şey plan üzrə getsə və sürücü bolidlə tam uyğunluq tapsa, Luis Hemiltonun səkkizinci dünya çempionluğu real görünür.

İdman.Biz