“Aston Martin” Endi Kauelli vəzifədən uzaqlaşdırır

Xəbərlər
23 Noyabr 2025 16:00
21
“Aston Martin” Endi Kauelli vəzifədən uzaqlaşdırır

“Aston Martin”in yarış komandasında rəhbər vəzifəni icra edən Endi Kauellin postunu itirməsi artıq real hesab olunur.

İdman.Biz xəbər verir ki, BBC-nin məlumatına görə, keçmiş “Red Bull” rəhbəri Kristian Horner Kauellin yerinə əsas namizədlərdən biri kimi göstərilir.

Kauellin mövqeyinin zəifləməsi məşhur konstruktor Adrian Nyuinin komanda daxilində artan rolu və tərəflər arasında fikir ayrılıqları ilə bağlıdır. Nyuinin həm də klubun səhmdarlarından biri olması bu prosesə təsir edən amillərdən sayılır.

“RacingNews365” isə yazır ki, “Aston Martin” rəhbərliyi Las-Veqas Qran-prisindən sonra Kauelli vəzifədən uzaqlaşdırmaq qərarına gəlib. Mənbə bildirir ki, komandanı son aylarda yüksək vəzifəli mühəndislərin, o cümlədən aerodinamika direktoru Erik Blandinin ayrılması zəiflədib və bu dəyişikliklər Kauellin mövqeyini daha da qeyri-sabit edib.

Xəbərdə o da vurğulanır ki, vəzifəyə digər mümkün namizədlər arasında “Maklaren” və “Kik-Zauber”in keçmiş rəhbəri Andreas Zaydlin adı keçir.

“Aston Martin” nümayəndələri isə yayılan xəbərləri şərh etməkdən imtina ediblər və diqqətin mövsümün qalan yarışlarına və 2026-cı ilə hazırlığa yönəldildiyini bildiriblər.

İdman.Biz

Məqalədə: