“Qarabağ”ın tarixi zəfəri: meydanda büdcələr yox, əzmkarlıq qalib gəlib

Xəbərlər
17 Sentyabr 2025 12:07
128
“Qarabağ”ın tarixi zəfəri: meydanda büdcələr yox, əzmkarlıq qalib gəlib

“Qarabağ”ın Lissabonda “Benfika” üzərində qazandığı sensasion qələbə dünyanın aparıcı idman mediasının əsas mövzularından birinə çevrilib.

İdman.biz xəbər verir ki, Sports.ru xəbər portalı Ağdam klubuna həsr olunan geniş material dərc edib.

16-cı dəqiqəyə 0:2 hesabı ilə uduzan və sonda parlaq qələbə qazanan (3:2) “Qarabağ”la bağlı 10 fakt təqdim edilib:

- “Qarabağ” Azərbaycan çempionatında 12 dəfə qızıl medal, 8 dəfə ölkə kuboku qazanıb. Son mövsümdə çempion olub, amma kubokun finalında “Sabah”a uduzub.

- Komandanın uğurlarının böyük hissəsi 2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurban Qurbanovun adı ilə bağlıdır. O, hazırda Azərbaycanın ən titullu baş məşqçisidir və Avropada uzunömürlü çalışdırıcılar sırasında yer alır.

- Bu qələbə “Qarabağ”ın Çempionlar Liqasındakı ilk zəfəridir. Klub 2017/18 mövsümündə də qrupda çıxış etmişdi və “Atletiko”nun iki dəfə xal itirməsinə səbəb olmuşdu.

- Azərbaycan çempionu mütəmadi olaraq avrokuboklarda iştirak edir. Ən böyük uğur 2023/24 mövsümündə Avropa Liqasının 1/8 finalına yüksəlmək olub. O vaxt rəqib məğlubedilməz “Bayer” idi.

- Hazırda “Qarabağ” UEFA reytinqində 55-ci yerdədir, “Benfika” isə onuncu. Ağdam klubu “Atletik”, “Nyukasl”, “Nitsa” kimi klubları geridə qoyur.

- Komanda ev oyunlarını Bakıda – Tofiq Bəhramov adına stadionda keçirir. Həmin Bəhramov 1966-cı il dünya çempionatı finalında İngiltərənin mübahisəli qolunu qeydə alan yan xətt hakimi kimi tanınır.

- Mövsümə isə çətin start verilib: “Qarabağ” hazırda Premyer Liqada 12 komanda arasında 7-ci yerdədir və cəmi 4 xalı var.

- Komandanın ən bahalı futbolçuları 2,5 milyon avro dəyərləndirilir. Onlardan biri – braziliyalı Kadi bir vaxtlar “Krasnodar”da da oynayıb.

- Ən təcrübəli oyunçulardan biri isə 2018-dən “Qarabağ”ın şərəfini qoruyan fransalı yarımmüdafiəçi Abdellah Zubirdir.

- “Benfika”nın heyətinin ümumi dəyəri 335 milyon avrodursa, “Qarabağ”ınkı cəmi 24 milyon təşkil edir. Amma bu dəfə meydanda büdcələr yox, əzmkarlıq qalib gəldi: Andrade, Kamilo Duran və Aleksey Kaşukun qolları 0:2 hesabını tarixi 3:2-yə çevirdi.

İdman.biz