21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla oyunda məqsədi qalib gəlmək olub.
İdman.biz xəbər verir ki, bu barədə U-21-in üzvü Şahin Şahniyarov "Report"a açıqlama verib.
20 yaşlı yarımmüdafiəçi heç-heçə (1:1) etdikləri matçla bağlı fikirlərini bölüşüb: "Maraqlı oyun alındı. Rəqibi əvvəldən təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Həm də yaxşı hazırlaşmışdıq. Bu matçda məqsədimiz qalib gəlmək idi. Amma təəssüf ki, alınmadı. Qarşıdakı matçlara köklənəcəyik".
Əsas millidən U-21-in düşərgəsinə qoşulan oyunçu komanda yoldaşlarının ilk matçdakı məğlubiyyəti unutduqlarını söyləyib: "Portuqaliya ilə matçda (0:5) mən yox idim. Bolqarıstanla görüşdən bir gün əvvəl kollektivə qoşuldum. Cəmi bir məşq etmişdim. Həmin vaxt artıq hiss olunurdu ki, komanda yoldaşlarım məğlubiyyəti unudublar və bu qarşılaşmaya yaxşı kökləniblər".
İdman.biz