Rövşən Nəcəf: "İstəyirik ki, uğurlar milli komanda səviyyəsində də qazanılsın"

Xəbərlər
8 Sentyabr 2025 17:43
69
Rövşən Nəcəf: "İstəyirik ki, uğurlar milli komanda səviyyəsində də qazanılsın"

“FIFA Arena” layihəsi çərçivəsində Bakı şəhərindəki 247 saylı orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

İdman.biz Sportnet.az-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, AFFA prezidenti Rövşən Nəcəf və Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko da iştirak edib.

Əmrullayev bu qədər sevinc içində olan uşaqları bir yerdə görməyi çox xoş hal kimi dəyərləndirib: "Kiçik yaşlı uşaqların sevinci həqiqətən də ürəyə xoş təsir edir. Dünyaca məşhur futbolçuların buraya gəlməsi çox müsbət bir hadisədir. Andrey Şevçenkonun burada olması da uşaqlar üçün böyük sevincdir və inanıram ki, bu, onlarda uzun illər unudulmaz təsir yaradacaq. Biz bütün tikilən məktəblərdə idman zallarını xüsusi olaraq nəzərə alırıq. Bugünkü təşəbbüs də uşaqlarımız üçün çox faydalı olacaq".

Şevçenko isə bunları söyləyib: "Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yaşadığım yerdə belə bir futbol meydançasının olması böyük bir xoşbəxtlikdir. Burada yaradılan gözəl meydança mənim üçün də sevinc mənbəyidir. İnanıram ki, bu stadion uşaqlara çox müsbət təsir göstərəcək".

AFFA-nın prezidenti Rövşən Nəcəf isə layihənin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib: "Yaxın günlərdə məktəblər arasında turnir təşkil etməyi nəzərdə tutmuşuq. Dedikləri kimi, sağlam bədəndə sağlam ruh olar. Bu meydançanın yaradılmasında FIFA-nın da böyük rolu olub və onların üzvləri də burada iştirak edirlər. Biz istəyirik ki, uğurlar yalnız klub səviyyəsində deyil, həm də milli komanda səviyyəsində əldə edilsin".

İdman.biz