Saşa Yunisoğlu: "Bu, milliyə çox böyük təsir göstərəcək" - MÜSAHİBƏ

Müsahibə
5 Sentyabr 2025 15:00
42
Saşa Yunisoğlu: "Bu, milliyə çox böyük təsir göstərəcək" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası İslandiya önünə çıxacaq. Necə düşünürsən, Azərbaycan millisi bu görüşdə uğurlu nəticəyə ümid edə bilər?

- Əlbəttə, həmişəki kimi, yaxşı oyun və nəticə istəyirik. Baxmayaraq ki, İslandiya Avropanın ən güclülərindən deyil. Bizim qrupda da başqa rəqiblərə baxanda, deyərdim ki, millimiz üçün ən uyğun rəqibdir və onlarla nəticəyə oynamaq olar. Amma təəsüflər olsun ki, millimizin son oyunları bizə böyük bir ümid vermir. Düşünürəm ki, millimizi çox çətin sınaq gözləyir.

- Daha çox müzakirə olunan mövzu odur ki, legioner limitinin ləğvindən sonra yerli futbolçulara çox da şans verilmir. Məhz bu məqam millinin nəticələrinə təsir edə bilər?

- Millimizin futbolçuları öz klublarda əsas heyətdə oynamırlarsa, bu da milli üçün çox böyük təsir göstərəcək. Amma onlara heç kim daim heyətdə yer alacağı ilə bağlı söz verə bilməz. Yerli oyunçular öz yerlərini özləri qazanmalıdırlar. Özlərinə güvənib, daha çox çalışıb, inkişaf edib və əcnəbi oyunçulardan daha yaxşı olmalıdırlar. Açığı, mən legioner limitinin ləğvini bəyənirəm. Bu, yerlilər üçün inkişaf yolunda böyük motivasiya olmalıdır. Güclüsənsə, oynayacaqsan.

- Səncə, bu tsikl Fernandu Santuş üçün sonuncu sınaq və şans ola bilər, yoxsa, istənilən halda ona güvənməyə davam etmək lazımdır? Yəqin ki, artıq Santuş millidə nəticə verməlidir?

- İstənilən halda baş məşqçinin qarşısına məqsəd qoyulur. Məqsədə nail ola bilmirsə, dəyişikliklər olmalıdır. Santuş yaxşı məşqçidir. Nə qədər ona güvənsək də, təbii ki rəhbərlik qərar verəcək. Millimiz hələ o səviyyəyə çatmayıb ki, onu Santuş kimi məşqçilər çalışdırsın. Bu dönəmdə yerli məşqçi millimizdə işləsə daha yaxşı olar.

- Santuşun milli üçün futbolçu seçimləri də hər dəfə, xüsusən də bu dəfə müzakirə edildi. Bu mövsüm yerlilər arasında daha çox oynayan Mehdi Cənnətovu dəvət etmədi, Xorvatiya liqasında çıxış edən Rüfət Abdullazadəyə dəvət göndərmədi. Səncə seçimlər ədalətli aparıldı?

- Bu məsələ ilə bağlı kənardan qiymət verməyə çətindir. Biz fikirləşirik ki, bu iki futbolçu milliyə dəvət edilməli idi. Amma ola bilər ki, hansısa səbəblərə görə Rüfət və Mehdi çağırılmadı. Amma ümumi götürsək, demək olar ki, ən yaxşılar dəvət olunub. Santuşu qınamaq da olmur, seçim o qədər da geniş deyil. Olanımız budur.

- Milli İslandiya və Ukrayna ilə ümumi iki matçdan neçə xal toplaya bilər və neçə xal toplasa, qənaətbəxşdir?

- İki matçdan altı xal desək, hansısa möcüzəyə bənzəyəcək. Dörd xal isə inandırıcı görünmür. Bu oyunlardan üç xal götürsək, yaxşı nəticə sayıla bilər. Amma reallıq onu göstərir ki, 1-2 xala da sevinməliyik.

- Yəqin ki, yığma komandamızın Reykyavikdə əldə edəcəyi üç xal millimizin bu qrupdakı şanslarından və iddiasından xəbər verəcək?

- Proqnoz verməyi xoşlamıram. Milllimizin əldə edə biləcəyi qalibiyyət iddiamızı və ümidimizi də yüksəldəcək. Eyni zamanda növbəti işimizi xeyli çətənləşdirəcək. Çünki Reykyavikdə qazanacağımız qələbə digər rəqiblər üçün siqnal olacaq ki, növbəti oyunlarda millimizə qarşı iki qat motivasiya ilə çıxacaqlar.

- “Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə gedib çıxması milliyə, digər futbolçulara da təkan, motivasiya və ya inam verə bilər?

- “Qarabağ”ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanması, nəinki futbolçulara bütün azərbaycanlı futbolsevərlərə böyük ümid və motivasiya verir. “Qarabağ” sönmüş futbolumuza yeni işıq gətirib, yeni rəng qatıb. Ümid edək ki, həmin yaxşı əhval ruhiyyə millimizin oyununa yaxşı mənada təsir göstərsin və millimiz növbəti iki oyunda bizi sevindirsin. Uğurlar arzu edirəm.

İdman.biz