"Birbaşa Bakı"nın baş məşqçisi: "Məqsədimiz mümkün qədər irəli getməkdir"

Xəbərlər
3 Sentyabr 2025 16:32
38
"Birbaşa Bakı"nın baş məşqçisi: "Məqsədimiz mümkün qədər irəli getməkdir"

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı"nın məqsədi mümkün qədər irəli getməkdir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Marius Mitu deyib.

Rumıniyalı mütəxəssis bəzi komandaları tanıdıqlarını bildirib: "Komanda hər məşqdə irəliləyir, biz düzgün yoldayıq. Məqsədimiz Çempionlar Liqasında mümkün qədər irəli getməkdir. Artıq əvvəlki turnirdən bəzi komandaları tanıyırıq. Qrupumuzda yer alan Rumıniya təmsilçisi də ən yaxşılardandır".

O, əvvəlki heyəti qoruyub saxlamağa çalışdıqlarını söyləyib: "Çətin olsa da, qrupdan çıxmaq istəyirik. Komandada yaxşı ab-hava var. Hər məşqdə çox çalışırıq. Heyəti qoruyub saxlamağa və eyni sistemlə işləməyə çalışdıq. Bu çətin turnir üçün hər kəsə ehtiyacımız olacaq".

Qeyd edək ki, "Birbaşa Bakı" F qrupunda "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) komandaları ilə mübarizə aparacaq.

Çempionlar Liqası sentyabrın 17-dən 21-nə qədər Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunacaq.

İdman.biz