Qurban Qurbanov: "Sabahkı matçda soyuqqanlı və istəkli olmalıyıq"

Xəbərlər
26 Avqust 2025 13:37
99
Qurban Qurbanov: "Sabahkı matçda soyuqqanlı və istəkli olmalıyıq"

Sabah çox vacib oyuna çıxacağıq.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, qalib gəlmək üçün əllərindən gələni edəcəklərini söyləyib: "Sabahkı matçda soyuqqanlı və istəkli olmalıyıq. "Ferensvaroş" ciddi rəqibdir. İlk qarşılaşmadakı hesab bizi aldatmamalıdır. Oyundan qopmayıb, yaxşı nəticə qazanmaq istəyirik. İndiyədək əldə etdiyimiz uğurlar yaxşı oyun üslubumuza görə olub. Bunu indi də davam etdiririk. Müdafiədən oynamaq fikrimiz yoxdur. Daha çox topa sahib olmaq niyyətindəyik. Futbolu azarkeşlər üçün oynayırıq. Buna görə də qol vurmaq vacibdir. Macarıstan təmsilçisi meydanda bütün riskləri edəcək. Ona uyğun hərəkət edəcəyik".

Baş məşqçi Budapeştdəki ilk görüşdə qazanılan qələbənin oyunçular arasında həyəcan yaratdığını bildirib: "Bununla bağlı futbolçularla söhbətim olub. Konsentrasiyanı itirsək, problemlərlə üzləşəcəyik".

Mütəxəssis zədəsi olan Nəriman Axundzadənin son durumu barədə də danışıb: "Hazırda özünü yaxşı hiss edir. Lakin tam olaraq düzəlməyib. Oyun saatına qədər gözləyəcəyik".

Qurbanov 2022-ci ildə qarşılaşdıqları "Ferensvaroş"la indiki komanda arasında fərqlərin olduğunu söyləyib: "O vaxt baş məşqçi Stanislav Çerçesov idi. Oyun üslubu fərqli idi. Ümumiyyətlə, "Ferensvaroş" hər zaman böyük hədəflər üçün mübarizə aparan klubdur".

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

İdman.biz