“Qalatasaray”da zədə şoku davam edir: Osimhenin ardınca Leao da sıradan çıxdı

8 Noyabr 2026 14:21
33
“Qalatasaray”da zədə şoku davam edir: Osimhenin ardınca Leao da sıradan çıxdı

Türkiyənin “Qalatasaray” futbol komandası Viktor Osimhenin ardından daha bir hücumçusu Rafael Leaonun zədələnməsi ilə üzləşib.

İdman.Biz “Haberler” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Türkiyə Superliqasının 11-ci turunda “Amedspor”la keçirilən qarşılaşmanı yarımçıq tərk edib.

Görüşə start heyətində başlayan Leao matçın ilk dəqiqələrində fərqlənərək komandasını hesabda önə çıxarıb. Lakin ikinci hissənin əvvəlində zədələnən hücumçu 47-ci dəqiqədə oyunu davam etdirə bilməyəcəyini bildirib.

Baş məşqçi Okan Buruk məcburi əvəzetməyə əl atıb. Leaonun yerinə 50-ci dəqiqədə Deniz Gül meydana daxil olub.

Portuqaliyalı futbolçunun zədəsinin rəqibin zərbəsi nəticəsində yaranmadığı bildirilir. Bu səbəbdən diqqətlər yenidən “RAMS Park” stadionunun ot örtüyünə yönəlib. Bununla belə, zədənin birbaşa meydançanın vəziyyətindən qaynaqlandığı rəsmi şəkildə təsdiqlənməyib.

Leaonun zədəsinin ağırlıq dərəcəsi hələlik məlum deyil. Onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı tibbi müayinələrdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen də daha əvvəl zədələnib. Klub onun sol dizində problem aşkarlandığını və əməliyyat olunacağını açıqlayıb.

İdman.Biz