“Milan”da böhran: Ruben Amorim futbolçulardan ciddi reaksiya göszləyir

8 Noyabr 2026 15:37
38
“Milan”da böhran: Ruben Amorim futbolçulardan ciddi reaksiya göszləyir

İtaliyanın “Milan” futbol komandasının baş məşqçisi Ruben Amorim Avropa Liqasındakı uğursuz çıxışdan sonra “Cenoa” oyunu öncəsi futbolçularına xəbərdarlıq edib.

İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Macarıstanın “Ferentsvaroş” komandası ilə oyundan sonra futbolçularının münasibətindən narazı qalıb.

Amorim komandasının ilk növbədə oyun intizamını və mübarizə əzmini yaxşılaşdırmalı olduğunu vurğulayıb:

“Çempionlar Liqası və ya buna bənzər məsələlər barədə düşünmədən xırda detallara diqqət yetirməliyik. Futbolun ən vacib tərəflərini - mentaliteti, ürəyi və ehtirası inkişaf etdirməliyik”.

Məlumata görə, 41 yaşlı mütəxəssis son iki gündə Milanello bazasında futbolçularla qapalı görüş keçirib. O, komandaya yalnız fərdi ustalığın kifayət etmədiyini, uğur qazanmaq üçün fədakarlıq və mübarizə ruhunun vacibliyini xatırladıb.

Amorim xüsusilə daha zəif rəqiblərlə görüşlərdə futbolçuların maksimum səy göstərməsini tələb edib.

“Milan”ın baş məşqçisi bu gün İtaliya A Seriyasının 11-ci turunda “Cenoa”ya qarşı keçiriləcək səfər oyununda komandasından ciddi reaksiya gözləyir.

Portuqaliyalı mütəxəssis əsas heyətə bir sıra futbolçuları qaytarmağı planlaşdırır. Luka Modriç, Yunus Musa və Adrien Rabionun yarımmüdafiədə, Rodriqo Moreyra ilə Kristian Pulişiçin isə hücumda Qonsalu Ramuşun arxasında çıxış edəcəyi gözlənilir.

Qapıçı Mayk Menyan cəzasını başa vurduqdan sonra kapitan sarğısı ilə meydana qayıdacaq.

Bununla belə, “Milan” qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Strahinya Pavloviç, Matteo Qabbia, Aleksis Salemakers, Samuel Çukvueze, Fikayo Tomori, Ruben Loftus-Çik və digər futbolçuların oyunda iştirakı gözlənilmir.

Qeyd edək ki, “Cenoa”nın baş məşqçisi Daniele De Rossidir. Genuya təmsilçisi doğma meydanda aqressiv və yüksək intensivlikli oyunu ilə seçilir.

İdman.Biz