“İlk matçda son dəqiqə qolu ilə qələbə qazandıq, amma bu bizə cavab oyunu üçün rahatlıq verməməlidir".
İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın “Levski" klubunun baş məşqçisi Xulio Velaskes Bakıda "Sabah"la keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis sabahkı qarşılaşmanın fərqli olacağını bildirib: "Uğurlu seriyamızı davam etdirmək istəyirik. Rəqibin müxtəlif mövqelərdə çox yaxşı futbolçuları var. Çətin oyun olacaq, amma məqsədimiz davam etməkdir”.
Onun sözlərinə görə, meydana müdafiə olunmaq üçün çıxmayacaqlar: “Son oyunlarımızı kənara qoymalıyıq. “Sabah”la ilk matçda olduğu kimi bizim əsas hədəfimiz müdafiə olunmaq deyil. Prioritet topu ortada saxlayaraq hücuma aparmaqdır. Müdafiə olunmaq fikrində deyilik. Məncə, ilk oyundan daha dinamik oyun görəcəyik”.
O, avrokubokda mübarizəni dayandırmağı düşünmədiklərini vurğulayıb: “Oyuna köklənərək qələbbə qazanmaq istəyirik”.
Velaskes mümkün penaltilər seriyasına hazır olduqlarını deyib: “Bizim artıq I və II təsnifat mərhələrində müvafiq olaraq “Hapoel Beer-Şeva” və “Braqa” ilə oyunlarda belə təcrübəmiz var. Amma istəyirik ki, işimizi əsas vaxtda həll edək”.
Velaskes bir müddət öncə zədə problemi ilə üzləşmiş Georgi Konstaninovun son məşqlərini yaxşı keçirdiyini açıqlayıb: "O, vəziyyətdən asılı olaraq meydanda ola bilər”.
İdman.biz