Qurban Qurbanov: "Şkendiya" çox iddialı, döyüşkən komandadır" - FOTO

Xəbərlər
11 Avqust 2025 17:37
87
Qurban Qurbanov: "Şkendiya" çox iddialı, döyüşkən komandadır" - FOTO

"Çox vacib oyun olacaq. Rəqib də çox iddialı, döyüşkən komandadır".

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis matçda çox güc sərf etməli olduqlarını söyləyib: "Yaxşı hazırlaşmışıq, futbolçularımızla da danışmışıq. İlk oyuna görə, hər iki komanda qalib gəlməyə layiqdir. Cüzi üstünlüyümüz var. Əlizimdən gələni edəcəyik".

Qurbanov futbolçusu Kadi Borgesin ilk oyundakı performansını dəyərləndirib: "O, istəksiz deyil. Bəlkə də sizin üçün Kadidən gözləmədiyiniz addım idi. Ona görə belə qarşılandı. Ümumən Kadiyə verdiyim tapşırıqlar vardı. Hansı ki, müdafiədə diqqətli olmaq və s. Düzdür, bəzi səhvləri oldu. Amma gələcək oyunlarda buna diqqət yetirəcək.

O, Emmanuel Addainin formasında olmaması ilə bağlı verilən sualı cavablayıb: "İstənilən futbolçunun çatışmazlığı var. Addainin gəldiyi gündən bəri oyuna yanaşmasında, bizim istəklərimizin yerinə yetirməsində dəyişiklik var. Bu da normaldır. Başqa yerdən gəlib. Formasında çox fərq var. Yeməyi ilə bağlı kiçik cərimələr də etmişəm. Bəzi insanlar bu mövzularda həssas olur. Biz də futbolçu olmuşuq. Sərbəstlik olanda iştah da artır. Amma bunları aradan qaldırır. Gəldiyindən sonra çox fərq hiss edirik".

Baş məşqçi ilk oyunda daha səliqəli oynamalı olduqlarını vurğulayıb: "Bəsit top itkilərimiz var idi. Bəzi oyunçular bu cür səhvlərə çox nadir hallarda yol verir. Bu da oyun epizodunda baş verir. Başqa nüansları deməyə ehtiyac yoxdur. Sabahki oyunda bəzi dəyişikliklər olacaq. Mateuş Koxalskinin oynamaq ehtimalı da çoxdur".

O, Portuqaliyanın "Akademika Vizeu" klubunun futbolçusu Andre Klovisin "Qarabağ"a mümkün transferini barədə danışıb: "Transfer siyahımızda çox futbolçu var. Onlardan biri də Klovisdir. Amma desək ki, sabah onu gətiririk, yalan olar. Danışıqlarımız davam edir".

Qurbanov Rusiyanın "Spartak Moskva" klubuna mümkün keçidininin real olmadığını əlavə edib.

Qeyd edək ki, “Qarabağ” ilə “Şkendiya” arasında cavab görüşü avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz