“Portu”ya ilk Avropa çempionluğunu qazandıran futbolçu vəfat etdi

27 Noyabr 2026 21:41
49
“Portu”ya ilk Avropa çempionluğunu qazandıran futbolçu vəfat etdi

Portuqaliyanın “Portu” klubunun tarixi uğurlarında mühüm rol oynayan braziliyalı sabiq futbolçu Juari 67 yaşında dünyasını dəyişib.

İdman.Biz xəbər verir ki, keçmiş hücumçunun vəfatı barədə Braziliyanın “Santos” klubu məlumat yayıb.

Juari noyabrın 26-da Braziliyanın Posos-di-Kaldas şəhərində onurğa və prostat xərçənginin yaratdığı ağırlaşmalar nəticəsində həyatını itirib.

Braziliyalı futbolçu 1987-ci ildə Vyanada keçirilən Avropa Çempionlar Kubokunun finalında “Portu”nun tarixinə düşüb. “Bavariya” ilə qarşılaşmanın ikinci hissəsində meydana daxil olan hücumçu əvvəlcə Rabah Macerə məhsuldar ötürmə edib, daha sonra isə qələbə qolunu vuraraq Portuqaliya təmsilçisinə tarixində ilk Avropa Çempionlar Kubokunu qazandırıb (2:1).

Juari “Portu” ilə həmçinin Qitələrarası Kuboku, UEFA Superkubokunu, iki dəfə Portuqaliya çempionatını və ölkə kubokunu qazanıb.

Portuqaliya klubunun futbolçuları, məşqçiləri və rəhbərliyi bugünkü məşqdən əvvəl sabiq hücumçunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Noyabrın 29-da “Sportinq”lə keçiriləcək qarşılaşmadan əvvəl də bir dəqiqəlik sükut elan olunacaq, “Portu”nun futbolçuları meydana qara sarğı ilə çıxacaqlar.

Qeyd edək ki, Juari Braziliyanın “Santos” klubunun tarixində də mühüm yer tutur. Hücumçu komandanın heyətində 229 qarşılaşmada 101 qol vurub və klubun ən məhsuldar futbolçuları siyahısında 23-cü pillədə qərarlaşıb.

İdman.Biz