"İyulun 21-dən hazırlığa başlamışıq. İstədiyimiz kimi davam edirik. Üç yoxlama görüşümüz olub. "Şimal", "Cəbrayıl" və "Neftçi-2" ilə üz-üzə gəlmişik".
İdman.biz xəbər verirki, bu sözləri Sport24.az-a I Liqa təmsilçisi "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.
O, avqustun 20-28-də Qəbələdə təlim-məşq toplanışlarının olacağını bildirib: "Orada da yoxlama matçları nəzərdə tutulub. MOİK, Küveyt təmsilçisi ilə qarşılaşacağıq. Digəri hələlik dəqiqləşməyib. Hazırda heyətin komplekləşdirilməsi davam edir. Yeni transferlərimiz var. Bizim üçün onları uyğunlaşdırmaq bir az çətindir. "Qəbələ"dən Urfan İsmayılov, İrandan (Cənubi Azərbaycan) Əmir İbrahimzadəni heyətə cəlb etmişik. Ümid edirəm ki, gücümüzə güc qatacaqlar".
Mütəxəssis transfer çalışmalarını bitirdiklərini sözlərinə əlavə edib: "İstədiyimiz səviyyədə olarsa, bir hücumçu ilə də müqavilə imzalaya bilərik".
Elgiz Kərəmli mətbuatda Cavid Hüseynovun "Şəfa"nın baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də toxunub: "Belə söhbət olmayıb. Mən müqaviləni yeni bağlamışam. Belə plan olsaydı, niyə mənimlə sözləşmə imzalayırdılar? Hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır. Bunu bacaradan sonra müqaviləyə yenidən baxa bilərik. "Şəfa" I Liqada çempionluğa oynayan kollektivdir. Hamı burada baş məşqçi olmaq istəyər. Cavid Hüseynovdan da başqa məşqçilərin adı mətbuatda hallanır. Amma konkret olaraq deyirəm ki, boş söhbətdir".
İdman.biz