“Düşünürəm ki, kollektiv şəklində yaxşı çıxış etdik. Birlikdə oynadıq, bir-birimizi dəstəklədik”.
İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Leandro Andrade Şimali Makedoniya təmsilçisi “Şkendiya” üzərində 5:1 hesablı qələbə qazandıqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
26 yaşlı yarımmüdafiəçi pley-off mərhələsinə yüksəlmələrində azarkeşlərin də pay sahibi olduqlarını vurğulayıb: “Bütün azarkeşlərə təşəkkür etmək istəyirəm, çünki atmosfer möhtəşəm idi. Hər dəfə hücum etdikdə, azarkeşlər çox səs-küy salır və bu, bizə çox böyük motivasiya verirdi. Beləliklə, yaxşı bir gün alındı”.
Andrade yay fasiləsində komandasında baş tutan dəyişiklikləri çox yaxşı dəyərləndirib: “İlk növbədə, meydanda çox yaxşı oyunçular çıxış edirlər. İkincisi isə onlar gözəl insanlardır. Bazada, yəni meydandan kənarda da çox yaxşı münasibətimiz var. Bu da çox önəmlidir”.
O, Macarıstan “Ferentsvaroş”u ilə keçirəcəkləri pley-off oyunlarından gözləntilərini də bölüşüb: “Çətin oyunlar olacaq. Qalib gələcəyimizi öncədən demək çətindir. Oyundan əvvəl 1:0 və ya 5:0 hesablı qələbə əldə edəcəyimizi düşünmürəm. Mən baş məşqçinin tapşırıqlarına tam diqqət yetirirəm və öz işimə fokuslanıram”.
Qeyd edək ki, Leandro Andrade "Şkendiya" ilə cavab görüşündə sonuncu qolun müəllifi olub.
İdman.biz