“Çempionlar Liqasında pley-off mərhələsinə yüksəldik, Liqa mərhələsinə vəsiqə şanslarımız da var. Yaxşı hazırlaşıb, ən gözəl oyunlarımızı göstərərək əsas raunda çıxmağa çalışacağıq”.
İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Musa Qurbanlı deyib.
23 yaşlı hücumçu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı üstələyərək (1:0, 5:1) turnirin növbəti mərhələsinə yüksəlmələri ilə bağlı fikirlərini bölüşüb.
Qurbanlı bu nəticənin növbəti oyunlar üçün yaxşı stimul olacağını bildirib: “Möhtəşəm qələbə alındı. Azarkeşlərimiz üçün ilk növbədə, gözəl oyun göstərdik. Təbii ki, bolqollu matça görə də onlar daha artıq sevinirlər. Biz də fanatlarımıza baxıb daha da məmnun oluruq”.
Forvard hesabın belə böyük olacağını gözləmədiyini etiraf edib: “Əslində 10-cu dəqiqədə top buraxanda bir az silkələndik. Çünki bizdə belə hallar çox olub. Erkən qol buraxmışıq, daha sonra komandamız yaxşı oynamağa başlayıb. Qələbə üçün meydana çıxmışdıq. Böyükhesablı qələbə də futbolda olan haldır”.
Gənc futbolçu qarşıdakı pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə keçirəcəkləri oyunlar barədə də danışıb: “Rəqibin fərqi yoxdur, Allahın işidir. Biz öz hazırlığımızı görəcəyik. Çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, hər iki oyunda qələbə qazanaq”.
Qurbanlı Azərbaycan Premyer Liqasının I turunda “Sabah”la oyunun təxirə salınmasını normal hal kimi dəyərləndirib: “Oyunun tarixinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat görməmişəm. Həm onlar, həm biz avrokuboklarda çıxış edirik. İndi qarşılaşmağımız hər iki tərəf üçün çətin ola bilər. Ümid edirəm ki, “Sabah” UEFA Konfrans Liqasında mərhələ keçər. Hansı komandanın fiziki hazırlığı daha yaxşıdırsa, o da yaxşı nəticə qazansın”.
Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”la ilk matçını 19 avqustda səfərdə, cavab görüşünü isə 27 avqustda evdə keçirəcək.
İdman.biz