“Şamaxı”nın portuqaliyalı qapıçısı: “Heç bir futbolçu klubdan vacib deyil” - MÜSAHİBƏ

Müsahibə
28 İyul 2025 10:38
41
“Şamaxı”nın portuqaliyalı qapıçısı: “Heç bir futbolçu klubdan vacib deyil” - MÜSAHİBƏ

“Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandesin futbolinfo.az saytına müsahibəsi

– Yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununda “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldiniz. Matç haqda nə deyə bilərsiniz? Belə rahat qələbə gözləyirdiniz?

– Bu, bir hazırlıq oyunu idi. Bildiyiniz kimi, hazırlıq matçlarında nəticə o qədər də önəm daşımır. Bu anda ən vacib məqam komandanın rutindən çıxmaması, rəqabət səviyyəsini artırmasıdır.

– Çempionatın başlanmasına 20 gündən az vaxt qalıb. Komandanız indiki məqamda yeni mövsümə neçə faiz hazırdır? Mövsümün startına qədər tam hazır vəziyyətə gələ biləcəksiniz?

– Hədəflər qoymaq üçün hələ tezdir. Keçən mövsümdəki kimi yanaşacağıq – məşqdən-məşqə, oyundan-oyuna. Ən yaxşı nəticələrə nail olmaq üçün maksimum səviyyədə çalışacağıq.

– “Şamaxı”nın heyətində bu yay çoxlu dəyişiklik baş verib. Yeni transferlər haqda fikriniz necədir? Heyətdəki bu qədər dəyişiklik “Şamaxı”nın performansına necə təsir edəcək?

– Komandaya yeni qoşulan hər kəs kömək etmək mentaliteti ilə gəlib. Elə biz də klubun hədəflərinə çatmasına yardımçı olmaq istəyirik.

– “Şamaxı”dan ayrılan futbolçulardan ən çox kimin gedişinə üzüldünüz?

– Futbol belədir – oyunçular bir klubdan digərinə keçirlər. Amma heç bir futbolçu klubdan vacib deyil. Həmişə daha önəmli olan klubdur.

– Yeni mövsüm 12 komandanın iştirakı ilə keçiriləcək. “Şamaxı”nın hədəfi nə olacaq? Komandanızın gücü neçənci yerlər uğrunda oynamağa çatar?

– Doğrudur, liqanın rəqabət səviyyəsi artıb. Bizim məqsədimiz kluba maksimum dərəcədə kömək etmək, hər gün peşəkar davranmaq, yəni bütün məşqlərə və oyunlara peşəkar yanaşmaqdır.

– Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən ən güclü qapıçılardan hesab edilirsiniz. Bəs siz çempionatımızda oynayan qolkiperlərdən kimi bəyənirsiniz?

– Mən Azərbaycanda oynayan bütün qapıçıları bəyənirəm. Liqada bu mövqedə keyfiyyət yüksək səviyyədədir. Düşünürəm ki, bütün komandalar güclü və etibarlı qapıçıya sahibdirlər.

İdman.biz