“Qarabağ” avrokuboklarda adından söz etdirməyə başlayandan 2-ci təsnifat mərhələlərini, əsasən, rahat keçir və bu dəfə də Azərbaycan çempionuna ümidlər böyükdür. Komanda yalnız 2023-cü ildə “Rakov”la oyunlarda çətinlik çəkmiş, iki qarşılaşmanın nəticəsinə əsasən Polşa klubuna uduzmuşdu – 1:1, 2:3. Amma bu dəfəki rəqib “Şelburn” güclülərdən sayılmır.
İrlandiya klubunun avrokuboklarda diqqətəlayiq uğurları yoxdur. Yalnız uzaq 2004-cü ildə “Zirə”nin hazırkı rəqibi Split “Hayduk”unu UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsindən kənarlaşdıraraq (2:0, 2:3) üçüncü mərhələyə çıxmasını qeyd etmək mümkündür.
Üstəlik “Qarabağ” üçün irlandlarla ilk qarşılaşma təcrübəsi də uğurlu olub. Təmsilçimiz 2019-cu ildə UEFA Çempionlar Liqasının elə 2-ci təsnifat mərhələsində üz-üzə gəldiyi “Dandolk” səddini rahat keçib – 3:0, 1:1. Amma ötən mövsümün yekunları əsasında yenilənmiş UEFA reytinqində Azərbaycanın 30-cu, İrlandiyanın isə 31-ci pillədə yer alması iki ölkənin çempionatlarının təxminən eyni səviyyədə olduğunu göstərir.
“Şelburn” ötən mövsüm 18 illik fasilədən sonra öz ölkəsində çempionluğu qazansa da, cari mövsüm ümidləri doğrultmur. 25 turdan sonra beşinci yerdədir və lider “Şemrok Rovers”dən də 14 xal geri qalır. Yalnız iyulda, hələ ki, məğlub olmamaları faktı diqqəti çəkir: bütün turnirlərdə 4 oyunda 3 qələbə.
Rəqibin hazırkı heyətində, əsasən, irlandlar oynayırlar – amma onlar milli komanda səviyyəsində futbolçular deyillər. Daha çox İngiltərə liqalarında çıxış edənlərə üstünlük verən İrlandiya millisinə sonuncu dəfə 2006-cı ildə “Şelburn”dan oyunçu dəvət olunub.
“Qarabağ”ın bu yay heyətinə qatdığı yeni futbolçulardan da yalnız mərkəz müdafiəçisi Sami Mmaee milli komandada çıxış etmək təcrübəsinə malikdir. Anası mərakeşli olduğundan Mərakeş millisini seçsə də, 2020-ci ildən bəri orada cəmi 10 oyunda forma geyinməsi, həmin komandada ondan daha güclü futbolçuların yer almasının göstəricisidir.
Bununla belə, Mmaee müdafiədə dirənişli və əzmkar oynaması, fiziki gücü, hücumlara qoşulmaq həvəsi (əvvəlki iki klubunda beş mövsümə ümumilikdə 7 qol da vura bilib) ilə diqqəti çəkir.
Görünür, onun “Ferentsvaroş” (bir oyunda oynayıb, onda da 57-ci dəqiqədə zədələnərək əvəzlənib) və xüsusilə də Zaqreb “Dinamo”sunun heyətində “Qarabağ”a (hər iki oyunu əvəzlənmədən keçirib, Bakıda sarı vərəqə ilə cəzalandırılıb) qarşı matçlarda göstərdiyi oyun baş məşqçi Qurban Qurbanovun diqqətini o qədər çəkib ki, onu icarə əsasında komandaya götürməyə razı olub. Halbuki “Qarabağ” hansısa oyunçunu müvəqqəti heyətə cəlb etmək üsulundan nadir hallarda istifadə edir. Sonuncu dəfə 2022-ci ildə qapıçı Luka Quqeşaşvilinin icarə əsasında “Qarabağ”a gəlməsini xatırlamaq mümkündür.
Digər transferlərdən braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyo “Palmeyras”ın oyunçusu kimi gəlsə də, nə klublararası dünya çempionatında iştirak edib, nə də bu komandanın son illərdəki uğurlarında imzası var. Çünki vaxtının çoxunu icarələrdə keçirib, son olaraq da Portuqaliyanın aşağı liqalarında “Alverka”da oynayıb.
Amma “Qarabağ”ın Portuqaliya çempionatından (hətta aşağı liqadan) transferlərini uğurlu saymaq mümkündür. Kevin Mediana, Kadi Borges, Julio Romao və Juninyonu xatırlaya bilərik.
Bu məqamı nəzərə alan Azərbaycan çempionu Portuqaliya transfer bazarında fəallığını davam etdirir.
Sürətinə görə Usein Boltun şərəfinə onun soyadını götürən braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt və kot d’ivuarlı mərkəz yarımmüdafiəçisi Kris Kuaku Portuqaliyanın aşağı liqasından təşrif buyurublar.
Yeni transferlər müdafiə və yarımmüdafiə xəttinə aid olduğuna görə “Qarabağ” hücumda yenə Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadənin ümidinə qalacaq. Amma əlbəttə ki, komandada qol vurmağı bacaran Leandro Andrade, Kadi Borges və Abdullah Zubir kimi yarımmüdafiəçilər də var.
Gedən futbolçulardan isə yalnız Yassin Benzia komanda üçün itki sayıla bilər.
Xarici komandalarla yoxlama görüşlərinə gəlincə, "Qarabağ" Avstriyadakı ilk oyununda "Metallist 1925"ə (Ukrayna) 4:5 hesabı ilə uduzub. Ardınca “Tvente” (Niderland) ilə iki matç keçirib - 3:2, 1:2. Daha sonra “Zalsburq”la (Avstriya) qarşılaşmada da uğursuzluq yaşayıb - 1:2.
Hazırlıq zamanı məğlubiyyətlərin sayının çoxluğu, həmçinin bəzi oyunlarda məhsuldarlığın yüksək olması da diqqəti çəkir. Hər halda “Tvente” ilə qarşılaşmalardan sonra “hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi” deyən Qurban Qurbanovun böyük təcrübəsinə əsaslanan sözlərinə inanaq.
Qeyd edək ki, bu gün İrlandiyanın paytaxtı Dublində “Tolka Park” stadionunda keçiriləcək və xorvatiyalı hakim Ante Çulinanın idarə edəcəyi “Şelbrun” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Rasim Mövsümzadə
İdman.biz