Rauf Əliyev: “Qarabağ”ın İrlandiyadan uğurlu nəticə ilə qayıdacağına inanıram"

Xəbərlər
23 İyul 2025 11:32
61
Rauf Əliyev: “Qarabağ”ın İrlandiyadan uğurlu nəticə ilə qayıdacağına inanıram"

“Qarabağ” cütün favoriti sayılır".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Ağdam təmsilçisinin sabiq futbolçusu Rauf Əliyev keçmiş komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün İrlandiyanın “Şelburn” klubuna qarşı keçirəcəyi ilk oyunla bağlı danışarkən deyib.

Veteran hücumçu “Qarabağ”ın İrlandiyadan sərfəli nəticə ilə qayıdacağına inandığını bildirib: “Şelburn” keçiləsi rəqibdir. Düzdür, onların cinah ötürmələri təhlükəli olur. Həmçinin də hava toplarında yaxşı mübarizə aparırlar. Bunlar komandamız üçün problem yarada bilər. Amma düşünmürəm ki, təmsilçimiz bu səhvləri etsin”.

Azərbaycan millisinin keçmiş oyunçusunun sözlərinə görə, “köhlən atlar” Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilər: “Qurban Qurbanovun kollektivinin buna potensialı çatır. Onlar II təsnifat mərhələsində “Şelburn”u mübarizədən kənarlaşdırsa, növbəti raundda “Şkendiya” (Şimali Makedoniya) - FKSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu klublar da şişirdiləcək rəqiblər deyil. “Qarabağ”a hansı komanda düşsə,onu keçə bilər”.

Qeyd edək ki, Dublin şəhərində yerləşən "Tolka Park"da keçiriləcək "Şelburn" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.biz