"Qarabağ"ın gənc futbolçusu: "İngiltərə komandasından 2 illik müqavilə təklifi almışdım"

Müsahibə
20 İyul 2025 00:34
55
"Qarabağ"ın gənc futbolçusu: "İngiltərə komandasından 2 illik müqavilə təklifi almışdım"

"Qarabağ"ın 19 yaşadək komandasının futbolçusu Ahmet Levent Gülənçin Prosport.Az saytına müsahibəsi

– Ad-soyad türk olsa da, azərbaycanca elə danışırsınız ki, sanki buralısınız...

– Ahmet və Levent adları dayılarımın adlarıdır. Ana və atam türkdür. İstanbulda – Fatihdə doğulmuşam. Amma 2 yaşımdan Azərbaycandayam. Atamın Bakıda kondisioner şirkəti var. Bu səbəbdən də Bakıda yaşayırıq. Azərbaycan dilini də məhəllədə uşaqlarla birgə olduğum vaxt öyrənmişəm. Bakıda Azerbaycan-Britaniya Kollecini (Azerbaijan-British College) bitirmişəm. Ona görə də ingiliscəni də əla səviyyədə bilirəm.

– Ötən il bu komanda Estoniyada çempion olanda siz yox idiniz. İlk dəfə "Qarabağ"la beynəlxalq turnirdə oldunuz. Fikirləriniz necədir?

– Bu, əla bir turnirdir. Təşkilatçıların qalmaq və yeməklə bağlı problemi var. Ancaq belə problem hamı üçün keçərlidir.

– "Qarabağ"dan öncə harda oynamışdınız?

– İngiltərədə Braytona yaxın Hastinqs şəhərindəki Baksvud Skulda 2 il oxumuşam. Həmin vaxt oranın yarımhəvəskar komandasında çıxış edirdim. Daha sonra 4-cü liqa komandasından təklif gəlmişdi. 2 illik müqavilə təklif edirdilər. Ancaq ora keçidim alınmadı.

– Niyə?

– Onda yaşım az idi. Oturum icazəm yox idi. Dedilər ki, ya da valideynlərin gəlib Britaniyada yaşamalıdır. Bu səbəbdən də ora keçidim baş tutmadı. Daha sonra Azərbaycana geri qayıtdım. Ötən mövsümün əvvəlində "Qarabağ"a keçdim. Əvvəlcə U-19-larla məşqə çıxdım. Sonra yaşıma görə U-17-lərdə davam etməyə başladım.

– Çempionatda göstəriciləriniz necədir?

– Mərkəzdə hücumçu arxası və 8 nömrə mövqeyində oynayıram. 13 qol vurmuşam. Eyni sayda da assistə imza atmışam. 1 xalla çempionluq əldən getdi. İnşallah, növbəti mövsüm bunu aradan qaldırarıq.

İdman.biz