“Qarabağ”la oyun “Ayntraxt”ın baş məşqçisi üçün həlledici ola bilər

Xəbərlər
18 Yanvar 2026 12:20
72
“Qarabağ”la oyun “Ayntraxt”ın baş məşqçisi üçün həlledici ola bilər

Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Dino Topmöllerin mövqeyi “Qarabağ”la keçiriləcək oyun ərəfəsində ciddi şəkildə zəifləyib.

İdman.Biz xəbər verir ki, Almaniya mətbuatının məlumatına görə, Bundesliqanın ikinci dövrəsinin ilk turunda “Verder”lə 3:3 hesablı heç-heçə Frankfurt klubunda narazılığı daha da gücləndirib. Klubun idman direktoru Markus Kreşe baş məşqçiyə açıq dəstək verməyərək vəziyyətin dərin təhlilə ehtiyacı olduğunu bildirib.

Kreşe komandanın uzun müddətdir eyni problemlərlə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, “Ayntraxt” çox asan qollar buraxır, hücumda həddindən artıq gərgin təsir bağışlayır və oyunda struktur çatışmazlığı var. Klub rəhbərliyi mövcud çıxış səviyyəsindən narazıdır.

Dino Topmöller isə məsuliyyəti üzərinə götürdüyünü etiraf edib. Baş məşqçi komandanın nəticələrindən razı olmadığını və baş verənlərin ilk növbədə onun cavabdehliyi altında olduğunu qeyd edib.

Alman mediası istisna etmir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycanda “Qarabağ”a qarşı keçiriləcək oyun Topmöller üçün “Ayntraxt”dakı son matç ola bilər. Son yeddi Bundesliqa turunda cəmi bir qələbə və 2026-cı ildə keçirilən üç rəsmi oyunda doqquz buraxılmış qol Frankfurt təmsilçisi üçün Bakı səfərinin əhəmiyyətini daha da artırır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ” - “Ayntraxt” qarşılaşması yanvarın 21-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz