"Hazırlıq plan üzrə gedir. Bir yoldaşlıq oyunu keçirmişik. İlk növbədə futbolçuların fiziki durumu düzəlməlidir. Yayda istər-istəməz futbolçular formadan uzaq olur".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Təcrübəli mütəxəssis komandasının mövsümlərarası fasilədə ilk yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb: "Yeni transferlərimiz bizimlədir. Onların da uyğunlaşması üçün vaxt lazımdır. Ötən gün "Qəbələ" ilə ilk yoxlama oyunumuzu keçirtdik. İlk oyunda istədiyin tempi görə bilmirsən. Məşqlər ağırdır, futbolçular istənilən formada deyillər. Futbolçuların bizim tapşırıqları yerinə yetirməyi önəmli idi. İki heyətlə mübarizə apardıq. Çempionat uzun marafondu. Hamının oyununu izləmək istəyirik. Çatışmazlıqlar var, bunun üzərində işləyəcəyik. Bu il çempionatımız 12 komanda ilə start götürəcək. Mövsüm yeni sistemdə keçiriləcək. İddialı kollektivlərin sayı çoxalıb. Hər bir komandaya qarşı mübarizə aparacayıq. Çox istərdik ki, yeni futbolçularımız tez uyğunlaşsınlar".
Qeyd edək ki, yoxlama matçı ötən gün Qəbələ şəhər stadionunda baş tutub. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1.
İdman.biz