Azərbaycanda ən uzun müddət legioner həyatı yaşamış futbolçulardan olan Ernad Skuliçin Apasport.az-a müsahibəsi
- Konfrans Liqasının püşkatmasında "Hayduk"un bəxtinə "Zirə" düşdü. Bu haqda fikrin necədir?
- Rəşad Sadıqovun komandası üçün başa çatan mövsüm çox yaxşı alındı. Komanda liqada da uğurlu çıxış edərək, mövsümü 2-ci pillədə başa vurdu. Özü də, bildiyim qədərilə tarixlərində ən çox xallarını topladılar.
- Səncə, "Hayduk"un "Zirə" qarşısında hansı üstünlüyü var?
- Əsas üstünlük "Hayduk"un hücumçusu Marko Livayadır. O, Xorvatiya çempionatının ən yaxşı futbolçusudur. Split təmsilçisi bu cür hücumçuya məxsusdur. Onu saxlamaq çətindir. Üstəlik, "Hayduk"a yeni baş məşqçi gəlib ki, o da texnikalı futbol oynatmağı sevir. Qonzalo Qarsiyanı deyirəm. Onu "İstra"dan tanıyıram. Bu komandada işləyib. İndi isə "Hayduk"u çalışdıracaq.
- Bəs, Splitdəki cavab görüşü haqda nə fikirləşirsən?
- Splitdəki stadion hər zaman dolu olur. Bu da "Hayduk"un 12-ci oyunçusu deməkdir. "Zirə" üçün bu mənada, çox çətin olacaq. Görək də. İlk görüş Bakıdadır.
- "Hayduk" son illərdə avrokuboklarda heç də uğurlu deyil. Ötən mövsüm də Slovakiyanın "Rujemberok" klubunu keçə bilmədilər. Son illərdəki avrokuboklarda uğursuzluq "Zirə" üçün üstünlük ola bilər? Çünki "Zirə" daha uğurlu idi...
- Əlbəttə ki, bu, "Zirə"nin üstünlüyü ola bilər. İlk görüş "Zirə" üçün çox önəmlidir. Həmin matç da Bakıda olacaq. Bilirsiz, "Hayduk" artıq yeni baş məşqçi dəvət edib. Üstəlik, məncə, bu mövsüm komanda daha güclü olacaq.
- Bəs, İvan Rakitiç?
- Rakitiçlə bağlı məsələ hələ bəlli deyil. Onun komandada olub-olmamasını zaman göstərəcək.
- "Hayduk"a qarşı necə oynamaq lazımdır ki, onları məğlub edəsən?
- Bilirsiz, onların hansı futbol oynayacağını indidən demək çətindir. Aşağı-yuxarı ehtimal etmək mümkündür. Çünki Qarsiyanı tanıdığım üçün bunu deyə bilərəm. Onlar daha çox texnikalı futbola üstünlük verəcək. Amma ətraflı danışmaq üçün təlim-məşq toplanışını izləmək lazımdır. "Zirə" uğurlu olmaq istəyirsə, bircə onu deyə bilərəm ki, Marko Livayanı topdan və qol vuruşundan uzaq tutmalıdır. Əminəm ki, Rəşad Sadıqov "Hayduk"u çox yaxşı analiz edəcək. Hər iki görüşün də olduqca maraqlı alınacağına əminəm. Necə olacaq, birlikdə görərik.
İdman.biz