Xorvatiya millisinin və “Hayduk”un sabiq futbolçusu, karyerası ərzində İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” kimi məşhur komandalarında oynamış Robert Yarninin AZƏRTAC-a müsahibəsi
- “Hayduk” Konfrans Liqasında Azərbaycan təmsilçisi “Zirə” ilə qarşılaşacaq. Bu oyundakı şansları necə dəyərləndirirsiniz?
- Hazırda “Hayduk”un vəziyyəti ideal deyil. Bir neçə futbolçu komandadan ayrılıb və heyət yenidən qurulur. Onların necə çıxış edəcəyini əvvəlcədən söyləmək çətindir. Yeni oyunçular var, uyğunlaşma vaxt tələb edir. Ancaq hələlik zaman var, görək nələr baş verəcək, kimlər oynamağa hazır olacaq. İndi vəziyyət bir-iki il öncəki kimi deyil, hamı ötən ildəkindən daha yaxşı nəticə gözləyir, lakin bunu yalnız zaman göstərəcək.
- “Zirə” haqqında məlumatınız var?
- Düzünü desəm, çox ətraflı məlumatım yoxdur. Amma eşitdiyimə görə, “Zirə” meydanda özünü yaxşı tərəfdən göstərən komandadır. Bununla belə, meydanda kimin daha güclü olduğunu oyunun gedişində görəcəyik.
- Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovu tanıyırsınız? O, Azərbaycan millisində və “Qarabağ”dakı çıxışı ilə xatırlanır...
- Təəssüf ki, tanımıram. Amma onunla tanış olmaq istərdim.
- Azərbaycan futbolu barədə nə bilirsiniz?
- Bir müddətdir, heç bir klubda çalışmıram, amma Azərbaycan millisində işləmiş Robert Prosineçki mənə futbolunuz barədə çox şey danışıb. Onun dediyinə görə, klublar yaxşı təşkil olunub və futbolçular meydanda olduqları zaman özlərini tam olaraq oyuna verirlər.
- “Qarabağ” son illər avrokuboklarda uğurla çıxış edir. Bu komanda baradə nə deyə bilərsiniz?
“Qarabağ”ın bir oyununa baxmışam. Azərbaycan təmsilçisi Avropada adından yaxşı mənada söz etdirir. Həqiqətən də digər rəqiblər üçün “Qarabağ”la qarşılaşmaq asan məsələ deyil.
- Azərbaycandan sizə iş təklifi gəlsə, qəbul edərdinizmi?
- Əlbəttə, niyə də yox?
- Maraqlıdır, Azərbaycan klublarından hansında çalışmaq istərdiniz?
- Hazırda konkret klub adı çəkmək çətindir, çünki bütün komandaları yaxından tanımıram. Amma Azərbayacanda çalışan həmkarlarım yerli futbolçuların meydana çıxanda əllərindən gələni etdiklərini və qələbə üçün böyük səylə oynadıqlarını deyiblər.
İdman.biz