Arif Əsədov: "Samir Abasovun 9 futbolçu ilə yolları ayırması heç kimi təəccübləndirmir"

Xəbərlər
14 İyun 2025 11:20
42
Arif Əsədov: "Samir Abasovun 9 futbolçu ilə yolları ayırması heç kimi təəccübləndirmir"

"Təbii ki, "Neftçi"də baş verən dəyişiklikləri izləyirəm".

İdman.biz xəbər verir ki, bu sözləri "Football-plus.az"a açıqlamasında təcrübəli mütəxəssis Arif Əsədov deyib.

Millimizin sabiq məşqçisi paytaxt təmsilçisinin heyətində baş verən dəyişiklikləri dəyərləndirib: "Baş məşqçi Samir Abasovun 9 futbolçuyla yolları ayırması bu gün heç kimi təəccübləndirmir. Çünki onun komandanı tanımaq üçün aylarla vaxtı oldu. Bununla belə, mövcud futbolçularla nə mükafatçılar sırasına düşdü, nə də ölkə kubokuna yiyələnə bildi. Ümumiyyətlə, "Neftçi" yenə titulsuz qaldı. Ancaq bu komandanın azarkeşlərinin nə qədər tələbkar olduğu bəllidi. Belə vəziyyətdə dəyişikliklər çoxdan gözlənilirdi. Bunu təkcə rəhbərlik və baş məşqçi yox, xalq, futbol ictimaiyyəti tələb edir. Əlbəttə, "Neftçi" ən yüksək yerlər, ən ciddi titullar uğrunda mübarizə aparmalıdı. Ancaq yeni transferlər gedənlərin yerini artıqlamasıyla doldurmasa, daha bir mövsüm boşa veriləcək. Çox doğru seçimlər edilməlidi. Kimin gedəcəyinə, kimin qalacağına baş məşqçi qərar verir. Düşünürəm ki, Samir Abasov ən düzgün nədisə, onu da edəcək".

Arif bəyin "Neftçi"nin iki önəmli, ancaq heç cür ümidləri doğrultmayan fiquru - Emin Mahmudov və Ramil Şeydayev haqda fikirlərini: "Hər ikisinin yetərincə böyük təcrübəsi var. "Neftçi"yə belə yerli futbolçular lazımdı. Oyunçu nə qədər güclü olsa da komanda düzgün formalaşdırılmasa, özünü yaxşı tərəfdən göstərə, bacarıqlarını ortaya qoya bilməz. Futbol komanda oyunudu. İnanıram ki, həm Emin, həm də Ramil düzgün transfer siyasəti nəticəsində öz əzəmətli çıxışını qaytaracaq".

İdman.biz