Emin Mahmudov: "Bizdə onun kimi futbolçu yoxdur" - MÜSAHİBƏ

Müsahibə
11 İyun 2025 11:01
49
Emin Mahmudov: "Bizdə onun kimi futbolçu yoxdur" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudovun QOL.az-a müsahibəsi

- Məğlubiyyətə nə səbəb oldu?

- Macarıstan səviyyəli komandadır. Oyunumuz bir qədər alınmadı. İstəyirdik daha çox hücum edək. İmkanlarımız da oldu, lakin dəyərləndirə bilmədik. Əslində, daha yaxşı oynaya bilərdik. Ümumi götürdükdə Macarıstan qələbəyə layiq idi.

- Demək olar ki, iki komanda arasında səviyyə fərqi hiss olunurdu?

- Təəssüf ki, bizdə Dominik Soboslai kimi kimi futbolçu yoxdur. Yerindən 50 metrlik ötürmə verirdi. Ona görə işimiz bir qədər çətin idi. Dayanmaq olmaz, daha çox işləmək lazımdır.

- Macarıstan aşağı-yuxarı DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərimiz olan İslandiya və Ukrayna ilə eyni səviyyədə komandadır. Evdə macarlara qarşı heç nə edə bilmiriksə, rəsmi oyunlarda ümid nəyədir?

- Deməzdim ki, tam heç nə edə bilmirik. Şanslarımız var idi. Son dəqiqələrdə heç-heçə ola bilərdi. İkinci qolu vurmaq üçün fürsətlər vardı. Çalışacağıq ki, gələcəkdə daha yaxşı çıxış edək.

- Oyun ərzində millimiz qapıya 8, rəqib isə 25 zərbə endirib...

- Komandalar arasında fərq var, əlbəttə. Dediyim kimi, daha yaxşı oynaya bilərik.

- Milli 1 ildir - düz 10 oyundur qələbə qazana bilmir. Uğursuzluğa nə vaxt son qoyulacaq?

- Vəziyyəti başa düşürük. Azarkeşlərimiz də məyusdur. Çox heyif belə alınır. Biz də istəyirik ki, tezliklə vəziyyəti yaxşıya doğru dəyişək.

- Matçdan əvvəl belə xəbər yayılmışdı ki, millimiz uduzsa, Fernandu Santuş istefaya göndəriləcək. Portuqaliyalı oyundan sonra sizinlə sağollaşmadı?

- Bu barədə məlumatsızam. Xeyr, Santuş oyundan sonra bu barədə heç nə demədi. Baş məşqçi ilə bağlı məsələlər bizim işimiz deyil. Bizim işimiz meydana çıxmaq, Azərbaycanın adı üçün mübarizə aparmaqdır.

İdman.biz