“Həyət tipli evlərdə gələcək çempionları tapmaq ehtimalı çoxmərtəbəli binalardan daha yüksəkdir” - Taleh Məmmədovun İDMAN.BİZ-Ə AÇIQLAMASI

Xəbərlər
19 Dekabr 2025 17:15
190
“Həyət tipli evlərdə gələcək çempionları tapmaq ehtimalı çoxmərtəbəli binalardan daha yüksəkdir” - Taleh Məmmədovun İDMAN.BİZ-Ə AÇIQLAMASI

Daha əvvəl xəbər verdiyimiz kimi, uzun illər Azərbaycan yığmasının heyətində çıxış etmiş Yunan-roma güləşi üzrə tanınmış idmançı, hazırda U-15 milli komandasının məşqçisi olan Taleh Məmmədov Zabrat qəsəbəsində güləş zalı açıb.

Zalın məhz bu qəsəbədə açılmasının səbəbləri ilə bağlı İdman.Biz Taleh Məmmədovla əlaqə saxlayıb.

Taleh Məmmədov saytımıza açıqlamasında bildirib ki, güləş zalını açmaqda məqsədi pul qazanmaq deyil.

“Onsuz da yeniyetmələrdən ibarət milli komandanın məşqçisi kimi çalışıram. Yeganə istəyim Yunan-roma güləşi üçün yeni çempionlar yetişdirməkdir. Bu zalı da məhz burada açmağımın səbəbi var. Baxmayaraq ki, Goranboy rayonundanam, artıq altı ildir Zabratda yaşayıram və burada həyət tipli evlər çoxdur. Belə mühitdə gələcək dünya və Olimpiya çempionlarını tapmaq ehtimalı çoxmərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Bundan əlavə, bəzi tanınmış idmançılar vaxtilə şəhər mərkəzində zallar açmışdılar, amma maraq az olduğundan həmin zalları bağlamağa məcbur qaldılar.

Mənim burada əvvəllər icarədə zalım olub. İndi isə zalı özüm tikmişəm və bundan çox məmnunam. Yeni uşaqları səbirsizliklə gözləyirəm. U-15 millisinin məşqçisi kimi, komandamızın üzvləri burada əlavə məşq etmək istəsələr, buna yalnız sevinərəm. Onlar yeni başlayan güləşçilər üçün əla nümunə olacaqlar”, - deyə Taleh Məmmədov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz
Məqalədə: