Vaqif Sadıqov: “Milli komandada görüləcək işlər çoxdur”

Xəbərlər
9 İyun 2025 17:39
54
Vaqif Sadıqov: “Milli komandada görüləcək işlər çoxdur”

"Yaranan qol epizodlarından istifadə olunmaması hər birimizi narahat edir".

Bunu İdman.biz-ə AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, Azərbaycan yığmasının Latviya ilə qolsuz heç-heçə bitən yoldaşlıq görüşü ilə bağlı fikirlərini bölüşüb: "Bunu həm baş məşqçi Fernandu Santuş, həm də komandası dərk edir ki, son sınaq oyunlarıdır. Bu matçlarda optimal heyəti müəyyənləşdirmək çox vacibdir. Latviya ilə oyunda heyətdə nisbətən sabitlik vardı. Buna baxmayaraq, təəssüf ki, bu qarşılaşmada da müsbət nəticə əldə edə bilmədik. Hələ də qolsuz seriyamızı davam etdiririk. Son oyundan sonra bir daha məlum oldu ki, görüləcək işlər çoxdur. Santuşun dili ilə desək, yeni komanda formalaşır. Buna görə də, hər bir futbolçunun fərdi ustalığı komanda oyununa yönləndirilməlidir. Latviya ilə oyunda müəyyən qədər bu cizgilərin şahidi olduq. Hissələr üzərindən müqayisə aparsaq, görərik ikinci hissə birincidən qat-qat üstün oldu".

Sadıqov millimizin Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunundan da gözləntilərini açıqlayıb: "Bu rəqib Latviyadan qat-qat üstündür. Ancaq onlar son oyunlarda o qədər uğurlu nəticə əldə etməyiblər. Milliyə ümidimiz böyükdür. Məncə, yığma da sabah doğma azarkeşlərin önündə yaxşı oyun göstərməyə çalışacaq. Həmçinin psixoloji cəhətdən rəsmi oyunlara nə dərəcədə hazır olduğunu nümayiş etdirəcək. Son sınaq qarşılaşması olduğu üçün ümid edək ki, yaxşı oyun görə biləcəyik".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da keçiriləcək. Matç 20:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz