Bəxtiyar Musayev: “Latviya ilə matçda baş məşqçidən də çox şey asılıdır”

Xəbərlər
7 İyun 2025 13:24
66
Bəxtiyar Musayev: “Latviya ilə matçda baş məşqçidən də çox şey asılıdır”

“Çox istərdim ki, bu matçda yaxşı oyunla qələbə qazanaq”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

O, yığmanın bu gün Latviya millisinə qarşı keçirəcəyi yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb. Musayev bildirib ki, matç millimizin qələbəsi ilə bitə bilər: “Ümid edirəm ki, yaxşı nəticə ilə qələbəsizlik seriyasına son qoyular. Latviya Avropada güclü komandalar siyahısında yer almır. Ona görə də, kifayət qədər böyük şansımız var. Bu komandaya qarşı əvvəlki oyunlarımızda da qələbələrimiz olub. Əsas odur ki, futbolçularımız yaxşı oyun nümayiş etdirə bilsinlər. Son zamanlar millidə nə oyun var, nə nəticə”.

Veteran futbolçunun sözlərinə görə, bu matçda qazanılacaq qələbə gələcək oyunlara böyük bir təkan ola bilər: “Futbolçular üçün indiki dövrdə oynamaq bir qədər çətin olur. Çünki əksər liqalarda mövsüm bitib. Bundan sonra oyunlara köklənmək bir qədər çətin olur. Burada həm çempionatın fiziki yorğunluğu var, həm də komanda yoldaşları istirahət edən zaman millinin yenidən toplanıb oyunlarda iştirakı bir balaca psixoloji çətinlik yarada bilər. Ümid edirəm ki, futbolçularımız oyunlara yaxşı köklənib öz iradələrini ortaya qoya biləcək. Burada baş məşqçi Fernandu Santuşdan də çox şey asılıdır ki, futbolçuların oyuna yaxşı köklənməsinə yardımçı olsun. Millimizə uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün Riqada baş tutacaq Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz