PFL prezidenti: "Bu gün çox xoşbəxtəm"

Xəbərlər
5 İyun 2025 16:23
80
PFL prezidenti: "Bu gün çox xoşbəxtəm"

"Həyatımın ən gözəl anlarından birini yaşayıram".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov baş məşqçisi olduğu eyniadlı komandanın futzal üzrə Azərbaycan Kubokunu qazanması barədə fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, PFL-in qələbəsində rəqibin itkilərinin olması da öz sözünü deyib: "Öncə də demişdim ki, “Araz Naxçıvan”la oynamaq artıq fəxrdir. Çox çalışmışdıq və bəxt də bizim tərəfimizdə oldu. "Araz-Naxçıvan"da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi. Yoxsa qalib gəlmək mümkün olmazdı".

Səmədov futbola olan sevgisindən də danışıb: "Həmişə demişəm ki, Azərbaycanda futzal çox sevilir. Burada da federasiya prezidenti Zaur Axundovun əməyi danılmazdır. Oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Futbol mənim tək işim deyil, həyatımdır. Bu gün çox xoşbəxtəm. Diqqət göstərən, təbrik edən hər kəsə həm öz, həm də komandam adından sonsuz təşəkkür edirəm”.

Qeyd edək ki, PFL finalda "Araz-Naxçıvan"ı 7:1 hesabı ilə məğlub edib.

İdman.biz