“Turan Tovuz” klubu bəyanat yayıb.
İdman.biz xəbər verir ki, Tovuz təmsilçisi son günlər komanda haqda həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılmasını pisləyib.
Bəyanatda bildirilir ki, mövsümün başa çatmasına baxmayaraq baş məşqçi Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək, daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır: “Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq”.
İdman.biz