“Araz-Naxçıvan”ın şərtləri məni qane etməsəydi, başqa təklifləri dəyərləndirməyi düşünürdüm”.
Bunu İdman.biz-ə “Araz-Naxçıvan”la müqaviləsini daha bir illik artıran 32 yaşlı futbolçu Bəxtiyar Həsənalızadə deyib.
Azərbaycan çempionatının bürünc medalçısının sözlərinə görə, birinci öz komandasından təklifinə nəzərdən keçirib: “Gözəl heyət, qazandığımız nəticələr və müqavilə şərtləri məni qane etdiyindən burada qaldım. Digər komandalardan da təkliflər gözləyirdim, lakin bəzi klubların heç baş məşqçiləri bəlli deyil. Məqsədləri, planları bilinmir. Bu məsələləri düşünərək, Naxçıvan təmsilçisi ilə yeni müqavilə imzaladım”.
Təcrübəli müdafiəçi yeni mövsüm üçün hazırlıqların 2 həftə sonra başlayacağını bildirib: “Araz-Naxçıvan” ilk dəfə avrokuboka vəsiqə qazandı və biz tarix yazdıq. Hazırda istirahətdə olsaq da, beynimizdə Konfrans Liqası oyunlarına hazırlıq gedir. İki həftə sonra fiziki məşqlərə başlayacaq. Avropada ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Avrokubokda ilk dəfə oynayacağımız üçün reytinqimiz aşağıdır və böyük ehtimalla güclü rəqiblərlə qarşılaşacağıq. Lakin əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən ilin yayından “Araz-Naxçıvan”da forma geyinir. Bu müddət ərzində 21 qarşılaşmada meydana çıxan futbolçu 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Mehri Qurban
İdman.biz