Millimizin ikinci yarımfinalı, ilk, rekordun təkrarı, çexlərin ümidi

Xəbərlər
30 May 2025 16:12
58
Millimizin ikinci yarımfinalı, ilk, rekordun təkrarı, çexlərin ümidi

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal matçları baş tutacaq.

İdman.biz xəbər verir ki, Azərbaycana titul arzusu ilə gələn 32 komandadan yalnız 4-ü mübarizəni davam etdirir.

Bu yığmalar üçün 1/4 final səddini adlamaq maraqlı məqamlarla əlamətdar olacaq.

Ardıcıl ikinci yarımfinal
Azərbaycan yığması ardıcıl ikinci dəfə yarımfinala yüksəlib. İki il əvvəl BƏƏ-dəki debütündə 1/4 final səddini adlayan millimiz sonrakı iki görüşdə məğlubiyyətlərlə medalı əldən qaçırıb. Nəticədə 4-cü olan Elşad Quliyevin yetirmələri bu dəfə evdə daha yaxşı nəticə qazanmağa köklənib.

Bakıda tarixi uğur
Azərbaycana səfər Monteneqro üçün tarixi uğurla əlamətdar olub. Balkanlılar tarixdə ilk dəfə yarımfinala yüksəlib. Bunadək qatıldığı yeganə mundialda 1/8 finalda dayanan Monteneqro Milli Gimnastka Arenasında medalların bir addımlığındadır.

Çexiya yarımfinaldadırsa...
Yarımfinala yüksələnlər arasında ən təcrübəli komanda Çexiyadır. Bütün mundialların iştirakçısı olan yeganə yarımfinalçı yalnız bir dəfə 1/4 final səddini keçmişdi. DÇ-2017-də bunu bacaran Çexiya sonda çempion titulunu qazanıb. İndi onlar ikinci dəfə yarımfinaldadırlar.

Bakıda rekord təkrarlanıb
Macarıstan millisi Bakıda rekorda sevinib. Onlar dünya çempionatlarında 3 dəfə yarımfinala adlayan komanda adına şərik olub. DÇ-2015-də oynamayan macarlar son üç mundialda “dördlük”də olur. 2019-cu ildə 4-cü, 2023-cü ildə 3-cü olan yığma heç vaxt yarımfinalı keçməyib. Amma bu raundda 3-cü dəfə oynamaqla Meksika və Rumıniyanın rekordunu təkrarlayıb.

Qeyd edək ki, çempionatın yarımfinal matçları bu gün keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz