Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, 1/8 final mərhələsinin ilk günü Azərbaycan millisinin Rumıniya üzərində qələbəsi ilə əlamətdar olub.
Yığmamız 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında qalib gəlib. Bununla da DÇ-2023-ün çempionu titulu ilə vidalaşıb. Amma “Kral öldü” ifadəsi minifutbol üzrə dünya çempionatları üçün ənənəvi hal alıb.
İndiyədək dünya çempionu olan heç bir komanda növbəti yarışda yarımfinal görməyib. Bakıda qoyulan ənənənin təməli xeyli əvvəllər qoyulub.
Evdə çempionun taleyi
2015-ci ildə keçirilən ilk mundiala ABŞ ev sahibliyi edib. Şimali amerikalılar doğma meydanda çempionluq sevinci yaşayıblar. Futbolda uğura həsrət komanda minifutbolda arzusunu gerçəkləşdirib. İki il sonra onları 1/8 finalda dayandırıblar. Meksika “Kral öldü” deməyi bacarıb – 4:3. “Atsteklər” isə çempionu büdrətdikdən sonra yekunda gümüş medal qazanıblar.
Yenə meksikalılar
Tunisdə çempion ABŞ-ı dayandıran Meksika finalda Çexiyaya uduzub. 2 il sonra Avstraliyaya titulunu qorumağa gedən Avropa təmsilçisi 1/8 final səddini aşa bilib. Amma 1/4 finalda onların qabağına tanış rəqib çıxıb. İki il əvvəl finalda məğlub etdikləri, həmin vaxt çempionu dayandıran Meksika! Şimali amerikalılar ardıcıl ikinci mundialda çempionun yolunu kəsiblər – 2:1. Yenə də titul sahibini udan komanda finala qədər irəliləyib. Amma bu dəfə Meksikanın özü çempion olub.
Çempionların qəniminin qənimi
Koronavirus pandemiyası bütün idman növləri kimi minifutboldan da yan ötməyib. 4-cü dünya çempionatı 2021-ci ildə deyil, 2023-cü ildə baş tutub. BƏƏ-yə titulunu qorumaq üçün gedən komanda Meksika olub. Həmin Meksika ki, əvvəlki çempionlara qənim kəsilib. “Atsteklər”in də taleyi fərqli olmayıb. Onlar da 1/8 finalda uduzublar. Qazaxıstan “Kral öldü”nü penaltilər seriyasında rəsmiləşdirib – 0:0, p. 2:1. Sensasiyanın sahibi finala qədər irəliləyib və yarımfinalda Azərbaycan millisini məğlub edərək bunu bacarıb. Amma Qazaxıstan həlledici görüşdə Rumıniyaya bitmək bilməyən penaltilər seriyasında uduzub – 2:2, p.11:12.
Millimizi gözləyən final
Şimali Amerikadan başlayan mundiallarda Afrika, Avstraliya, Asiya qitələri çempionun titulunu itirməsinə şahid olmuşdu. İlk dəfə Avropaya gələn dünya çempionatında da eyni ssenari yaşandı. Rumıniya 1/8 finalda millimizə uduzdu. İlk dəfə çempionu meydan sahibi dayandırıb.
Amma 2017-ci və 2023-cü ildəki kimi bu hadisə 1/8 finala təsadüf edib. 2019-da isə 1/4 finalda çempionu dayandırmışdılar. Amma hər üç halda titul sahibini udan komanda finala yüksəlir.
Bunu 1/8 finalda bacaran Meksika DÇ-2017-nin, Qazaxıstan isə DÇ-2023-ün gümüş mükafatını qazanıb. Çempionu 1/4 finalda saxlayan Meksika isə DÇ-2019-un qızılına sahib çıxıb. Bütün bu tendensiyalar millimizə final vəd edir.
Qeyd edək ki, yığmamız 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.
Vüqar Xeyrullayev
İdman.biz