Arif Əsədov: "Avrokuboklara son iki vəsiqənin sahibi “Araz-Naxçıvan” və “Turan Tovuz” olacaq"

Xəbərlər
16 May 2025 17:07
45
Arif Əsədov: "Avrokuboklara son iki vəsiqənin sahibi “Araz-Naxçıvan” və “Turan Tovuz” olacaq"

"Avrokuboklara son iki vəsiqənin sahibi “Araz-Naxçıvan” və “Turan Tovuz” olacaq".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında millinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının turnir cədvəlindəki sıralamanın böyük ehtimalla dəyişməyəcəyini düşünür: "Son iki vəsiqəni qazanmağa əsas namizədlər “Araz-Naxçıvan” və “Turan Tovuz” klublarıdır. Düşünürəm ki, “Araz-Naxçıvan” böyük ölçüdə son 2 oyundan 1 xal qazanmaqla 3-cü yeri təmin edəcək. “Sabah” “Turan Tovuz”a çata bilər. Tovuz komandası da qalan oynularda 1 xal qazanmalıdır. Bundan başqa, “Sabah” kubokun finalında qalib gələrsə, “Zirə” və “Araz-Naxçıvan” ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək. Belədə “Turan Tovuz” kənarda qala bilər. Amma düşünürəm ki, Premyer Liqada hazırkı “4-lük”dəki sıralama dəyişməyəcək”.

Əsədov Azərbaycan Kubokunun finalında sürpriz nəticə ola biləcəyini istisna etmir: “Həm heyət, həm təcrübə baxımından, təbii ki, “Qarabağ” daha şanslıdır. Son dönəmlədə komanda finala çıxanda məğlub olmur. Amma cari mövsümün uğursuz olmaması üçün “Sabah”ın kubok qazanması vacibdir. Komanda ilə yanaşı, yeni baş məşqçi Vasili Berezutski də özünü doğrultmalıdır. Bu mənada sürpriz nəticə görə bilərik. Oyunun gedişatından çox şey asılı olacaq”.

Qeyd edək ki, Premyer Liqada “Qarabağ” çempionluğu (83 xal), “Zirə” (70 xal) isə ikinci yeri təmin edib. Hazırda “Araz-Naxçıvan” 55 xalla üçüncü, “Turan Tovuz” isə 49 xalla dördüncü pillədə qərarlaşıb.

“Qarabağ” və “Sabah” arasında baş tutacaq Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.biz