Almaniyalı mütəxəssis: “Mahir Emreli Bundesliqa klublarında oynamaq potensialına malikdir”

Xəbərlər
13 May 2025 15:17
55
Almaniyalı mütəxəssis: “Mahir Emreli Bundesliqa klublarında oynamaq potensialına malikdir”

“Mahir Emreli “Nürnberq”də yaxşı mövsüm keçirdi. Düşünürəm ki, o, Bundesliqa klublarında oynamaq potensialına malikdir”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Azərbaycan millisində Berti Foqtsun köməkçisi işləmiş almaniyalı mütəxəssis Bernhard Lippert mövsümün sonunda II Bundesliqa təmsilçisi “Nürnberq”dən ayrılacaq azərbaycanlı futbolçu Mahir Emreli barədə danışarkən deyib.

Onun sözlərinə görə, 28 yaşlı forvard II Bundesliqa təmsilçisinin ona verdiyi şansı yaxşı dəyərləndirib: “Hətta onun bu cür uğurlu çıxışı Bundesliqa klublarının da diqqətini çəkib. Yadımdadır, Cənubi Koreyanın “Seul” klubu azərbaycanlı oyunçunu transfer etmək niyyətində idi. Mahir Almaniyada gözləniləndən yaxşı performans ortaya qoydu. İndi mövsümün sonunda komandadan ayrılacağı barədə nəsə deyə bilmərəm. Bəlkə də klub heyətinə daha gənc futbolçular cəlb etmək istəyir. Bunun bir çox səbəbi ola bilər”.

B.Lippert Mahir Emrelinin fiziki cəhətdən çox güclü futbolçu olduğunu vurğulayıb: “Mən Emrelini gənc yaşından tanıyıram. “Nürnberq”dəki ilk aylarında özünü tam göstərə bilməsə də, sonradan toparlaya bildi. Hesab edirəm ki, Mahir Azərbaycanın indiyə qədər yetişdirdiyi ən yaxşı futbolçulardan biridir”.

Qeyd edək ki, ötən ilin avqust ayında Mahir Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb. Lakin klub mayın 6-da onunla sözləşmənin uzadılmayacağını açıqlayıb.

İdman.biz