“Komandanı tez-tez dəyişmək yaxşı hal deyil”.
Bunu İdman.biz-ə veteran futbolçu Ceyhun Sultanov deyib.
O, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin mövsümün sonunda Almaniyanın II Bundesliqa təmsilçisi “Nürnberq”dən ayrılmasına münasibət bildirib. Sultanovun sözlərinə görə, futbolçunun bu addımı atmasının müxtəlif səbəbləri ola bilər: “Biz içəridə olanlardan xəbərsizik, ona görə də konkret fikir yürüdə bilmərik. Ancaq bunu inkişaf arzusu ilə əlaqələndirmək real görünmür. Mahirin 20 yaşı yoxdur ki, perspektiv düşünsün, inkişaf üçün bu addımları atsın. Məncə, hazırda Mahir ona harada yaxşı olacaqsa, maliyyə şərtləri qane edəcəksə ora doğru yönəlir. Yenə də qərarı özü verir. O, zamanında bir klubda düzgün qərar verib qalsaydı, bu gün bəlkə də I Bundesliqada oynayırdı. Bu, futbol karyerasıdır və hərənin bir düşüncəsi var”.
Sultanov Emrelinin karyerasını bundan sonra harada davam etdirəcəyi ilə bağlı məsələyə də toxunub: “Azərbaycana qayıtsa, bunun ona bir faydası olmayacaq. Mahir daha da yaxşı liqalarda oynaya bilər. Məsələn, Koreya, Çin çempionatları bizdən daha üstündür. Ümumilikdə isə Mahirə Azərbaycana gəlməyi son variant kimi məsləhət görərdim”.
Qeyd edək ki, “Nürnberq”dən ayrılacaq 27 yaşlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt-Pauli”nin maraqlandığı iddia olunur.
Aytac Sahəd
İdman.biz