"Qarabağ"ın qalib gəldiyi komanda finalın bir addımlığında - VİDEO

Xəbərlər
1 May 2025 13:15
158
"Qarabağ"ın qalib gəldiyi komanda finalın bir addımlığında - VİDEO

Avropa Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Tottenhem" və "Bodo Qlimt" finalın bir addımlığındadırlar.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu hazırkı mövsümdə bu rəqiblərlə görüşlərdə bir qələbə və bir məğlubiyyətə imza atıb.

"Qarabağ" ötən il Norveçdə 2:1 hesabı ilə qalib gəlsə də, ondan əvvəl Londonda 0:3 hesabı ilə uduzub.

Tarixində ilk dəfə avrokuboklarda yarımfinala kimi irəliləyən "Bodo Qlimt"dən fərqli olaraq, "Tottenhem" ötən əsrin 60-70-80-ci illərində ümumilikdə 3 dəfə Kuboklar kuboku (1963) və UEFA kuboku (1972, 1984) kimi tarixə qovuşmuş turnirlərin qalibi olub.

İndi də komanda bu mövsüm Premyer Liqadakı zəif çıxışını (16-cı yerdədir), Avropada uğur qazanmaqla unutdurmaq istəyir.

Ötən il Norveç çempionu olan "Bodo Qlimt" isə yaz-payız sistemi ilə keçirilən ölkə çempionatında yeni mövsümdə hələ cəmi 4 matç oynayıb.

Avropa Liqasının digər yarımfinalında isə "Atletik Bilbao" və "Mançester Yunayted" komandaları qarşılaşacaqlar.

Bu rəqiblərin 2012-ci ildə Avropa Liqasındakı hər iki oyununda İspaniya təmsilçisinin qalib gəldiyini də xatırladaq - 3:2 və 2:1.

Qeyd edək ki, UEFA Avropa Liqası yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Tottenhem” – “Bodo Qlimt” və "Atletik” – “Mançester Yunayted” qarşılaşmaları Bakı vaxtilə saat 23:00-da start götürəcək.

İdman.biz