Adil Şükürov: “Sabah” Berezutski ilə avrokuboka düşə bilməsə...” - MÜSAHİBƏ

Müsahibə
26 Noyabr 2024 17:15
86
Adil Şükürov: “Sabah” Berezutski ilə avrokuboka düşə  bilməsə...” - MÜSAHİBƏ

Azərbaycanın veteran futbolçusu Adil Şükürovun İdman.biz saytına müsahibəsi

- “Sabah” Krunoslav Renduliçlə yollarını ayırdı. Bunu gözləyirdiz?
- “Sabah” bu surətlə təyinatı reallaşdırmaqla göstərdi ki, rəhbərlik Renduliçin son nəticələrindən narazı olub və öncədən Vasili Berezutski ilə müqavilənin şərtləri müzakirə edib. Bu cür olacağı gözlənilən idi. “Sabah”da artıq bir statistika formalaşıb. Müqavilənin müddətindən asılı olmayaraq, hər il yarımdan bir klubda məşqçi dəyişikliyi baş verir.

- Sizcə, komanda qış fasiləsinə qədər gözləsəydi, daha düz olmazdı? Fasiləyə 4 matç qalmışdı...
- Klub rəhbərliyinin özünün yanaşması var. Onlar Premyer Liqaya gələndən özəlliyi ilə həmişə seçilib və bu gün də ənənəsinə sadiq qalır. Təbii ki, qışa qədər 4 turda vəziyyəti dəyişmək və turnir cədvəlində daha yüksək yerə qalxmaq mümkün idi. Buna hansı məşqçi ilə gediləcəyinin qərarını isə rəhbərlik verir.

- İndiyədək baş məşqçi kimi çalışmayan Berezutskinin təyinatını necə qarşıladız?
- Bəli, bu, onun karyerasında baş məşqçi kimi ilk işi olacaq. Nə vaxtsa başlamaq lazım idi. Təyinatla bağlı isə qeyri-adi heç nə yoxdur. Alınmayacaq, ənənə davam edəcək.

- Adətən “Sabah”a baş məşqçilər mövsümün gedişində gəlir və lazımı nəticəni göstərməyəndə heyəti onların qurmadığı bəhanəsini əsas gətirirlər. Bu dəfə də eyni hallar yaşana bilər?
- Səhv etmirəmsə, bu klub yığılandan həmişə futbolçu transferi ilə rəhbərlik məşğul olub və kluba məşqçi cəlb olunduqda məşqçiyə də bu məsələ bildirilir. Nəticədən asılı olaraq sonrakı qərarlar verilir. Bu idarəçilik üsulu səhv etmirəmsə, Almaniya və İtaliyada da tətbiq olunur. Bu klub strategiyası ilə bağlı olan məsələdir. Görürük ki, son dönəmlərdə “Sabah”da əcnəbi məşqçilərə daha çox güvənilir.

- Sizcə, “Sabah” avrokuboklara vəsiqə qazana biləcək?
- Rəhbərlik baş məşqçi Murad Musayevin gedişindən sonra Renduliçi gətirəndə avrokubok ilk şərt olub. Uğursuz olsaydı, xorvatiyalı çalışdırıcı yayda yola salınacaqdı. Bunu klub rəhbəri müsahibəsində bildirmişdi. Yəni klub bu cür gedişata hazır idi. “Sabah” Berezutskinin rəhbərliyi ilə avrokubaka düşə bilməsə, mümkündür ki, yenə dəyişiklik olsun. Düşünürəm ki, komandanın avrokuboka yollanmaq üçün yüz faiz şansı var.

Emin Ağa
İdman.biz