Ayxan Abbasov: “Premyer Liqada qalmaq üçün hər xal vacib olacaq”

Xəbərlər
8 Noyabr 2024 17:44
71
Ayxan Abbasov: “Premyer Liqada qalmaq üçün hər xal vacib olacaq”

“Cənab prezident İlham Əliyev başda olmaqla hamımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin.”

İdman.biz xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, Misli Premyer Liqasının XIII turunun “Neftçi” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Bu oyunda xal qazanmaq istəyirdik. Rəqibimiz də xal qazanaraq, irəliləmək istəyində idi. Qarşılaşmaya çox pis başladığımızdan geridönüş etmək çətin idi. Komandamız xarakter göstərdi. Hətta ilk 45 dəqiqədə üçüncü qolu da vura bilərdik. Fasilədən sonra rəqib təzyiq etdi. Son 4-5 matçda zədəlilərə görə tam heyətlə oynaya bilmirdik. Gənclərə imkan yaranır və bundan yaxşı istifadə edirlər. Premyer Liqada qalmaq üçün hər xal vacib olacaq. "Neftçi"dən 1 xal götürmək uğurdur”.

Abbasov erkən qolların buraxılmasına da münasibət bildirib: “Bu, bizim üçün sürpriz oldu. Həmin an şans rəqib tərəfdə oldu. İlk topda "Neftçi"nin futbolçusunun ustalığı idi. İkinci qolda isə ofsayd xətti çəkmək də çətin idi. Mənə elə gəlirdi ki, futbolçularım ayılacaq. Belə oyunlar komandamız üçün böyük önəm kəsb edir. "Sabah"la qarşlaşmada da belə olmuşdu. Deməli, bunu bacarırıq. İlk beş dəqiqəyə görə uşaqları tənbeh etdim. Rəqibin tempi yüksəldəcəyini bilirdim. Futbolçularımdan da belə mübarizəni istəyirdim”.

Qeyd edək ki, “Neftçi” – “Şamaxı” oyunu 2:2 hesabı ilə başa çatıb.

İdman.biz

Məqalədə: