Azərbaycanda məşqçilərin yaşına baxırlarmı?

Xəbərlər
6 Noyabr 2024 18:35
119
Azərbaycanda məşqçilərin yaşına baxırlarmı?

Şahin Diniyevin “Səbail”dən gedişindən sonra Azərbaycan Premyer Liqasının ən yaşlı iki məşqçisinin rəhbərlik etdiyi komandalar turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb.

İdman.biz xəbər verir ki, 52 yaşlı Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” liderdisə, 72 yaşlı rusiyalı türkmən Kurban Berdıyevin “Turan”ı da ikinci pillədədir.

Premyer Liqanın digər məşqçilərindən yalnız “Sabah”a rəhbərlik edən Krunoslav Renduliç əlli yaş həddini keçib: xorvatiyalının da 51 yaşı var. Qalan məşqçilərin yaşları, əsasən, 40-46 arasındadır. “Sumqayıt”la artıq üç oyuna çıxan 35 yaşlı Vaqif Cavadov isə hamıdan gəncdir.

Bir neçə il əvvəl aparılan beynəlxalq araşdırma nəticəsində Azərbaycan Premyer Liqasının məşqçilərin orta yaşının gənc olmasına görə siyahıda üst sıralarda yer aldığı üzə çıxmışdı. Finlandiya, Uels, Estoniya kimi ölkələrin çempionatları kimi.

Ona görə də yaşı 58 olan Şahin Diniyevin Azərbaycan Premyer Liqasında yenidən iş tapması asan olmayacaq. Bu gedişlə o, yəqin ki, köhnə işinə - AFFA Məşqçilər Komitəsinə qayıtmaq məcburiyyətində qalacaq.

Böyük nailiyyətlərə imza atmasa da, 25 ildən artıq məşqçi təcrübəsi var. Ölkə xaricində də çalışıb: Qroznı “Terek”ində baş məşqçi və köməkçi məşqçi olub, həmçinin ikinci komandasını çalışdırıb. “Kəpəz”lə 2016-cı ildə Avropa Liqasına çıxıb, ilk mərhələni adlaya bilib. Düzdür, Azərbaycan millisinin baş məşqçisi olduğu 2006-2007-ci illərdə ən böyük uğuru yalnız komandanın Bakıda Finlandiyaya 1:0 hesabı ilə qalib gəlməsi olub.

Hətta 52 yaşlı Tərlan Əhmədov da iş tapmaqda çətinlik çəkir və bir ildən artıqdır ki, məşqçilikdən uzaq düşüb. Bir sözlə, bizdə 10 ildən artıq məşqçi təcrübəsi olan mütəxəssislərə, demək olar ki, güvənilməməsi diqqəti çəkir.

Rasim
İdman.biz